...

MDB məkanında onkoloji xəstəliklərin vəziyyəti müzakirə olunub

Cəmiyyət Materials 30 Yanvar 2013 14:47 (UTC +04:00)
Əgər bu gün süd vəzisi xərçəngi olan qadın xəstəliyin 3-4-cü mərhələsində müraciət edirsə, bunun günahı onkoloqda yox, sahə həkimlərindədir.
MDB məkanında onkoloji xəstəliklərin vəziyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Əgər bu gün süd vəzisi xərçəngi olan qadın xəstəliyin 3-4-cü mərhələsində müraciət edirsə, bunun günahı onkoloqda yox, sahə həkimlərindədir. Əsas çətinlik xəstəliyin vaxtında aşkar olunmasıdır. Trend-in məlumatına görə, bunu Moskva-Kiyev-Kişinyov-Bakı-Astana-Tbilisi-Yerevan arasında "Xərçəng xəstəliyi: ölümcül xəstəliyə necə qalib gəlmək olar" mövzusunda videokörpü zamanı Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirib.

"Azərbaycanda onkoloji xəstələrə yardım haqqında fərman mövcuddur. 2009-cu ildə Milli Onkologiya Mərkəzinin yeni korpusları istifadəyə verilib. Bu, ölkədə xəstəliyə qarşı mübarizəni daha da gücləndirib. Mərkəz ən son texnoloji avadanlıqlarla tam təmin olunub, dərman təminatı yüksək səviyyədə həyata keçirilir", - o deyib.

O qeyd edib ki, onkoloji xəstələr birinci və ikinci mərhələdə müraciət edirlərsə, aşkarlama vaxtında olursa, sağalma 100 faiz mümkündür.

"Bu, heç də o demək deyil ki, çətinliklər yoxdur. Var gücümüzdən istifadə edərək xəstəliyin vaxtında aşkar edilməsi üçün mübarizə aparırıq. Bununla bağlı Mərkəzdə səyyar diaqnostik kompleks mövcuddur. Həmin kompleksin köməyi ilə Azərbaycanın bütün rayonlarında profilaktik baxışlar keçiririk. May ayından sentyabr ayına qədər 10 rayonda baxışlar keçirmişik. 10 min əhalinin müayinəsində müəyyən lokalizasiyalı xərçəng xəstələri erkən aşkarlanıb", - Kərimli deyib.

4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində keçirilən videokörpüdə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini Mixail Liçinitser ümumilikdə MDB ölkələrində onkoloji xəstəliklərlə mübarizənin aşağı səviyyədə olduğunu bildirib. O qeyd edib ki, onkoloji yardımın göstərilməsi sisteminin dəyişdirilməsinə, Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. O, bildirib ki, Rusiyada onkoloji xəstəliklərin ilkin diaqnostikasında əlçatanlıqla bağlı problemlər var, həmçinin onkoloji xəstələrlə bağlı Rusiyada real statistika yoxdur.

Astana şəhərinin baş onkoloqu Muxtar Tuleutayev isə bildirib ki, 2012-ci il Qazaxıstanda "Onkoloji xəstəliklərlə mübarizə ili" elan olunmuşdu, il çərçivəsində onkoloji xəstəliklərin müəyyən olunması üçün dövlət tərəfindən böyük həcmli vəsaitlər ayrılıb: "Hazırda Qazaxıstanda onkoloji xəstələrin 100 faizi dərman vasitələri ilə təmin olunur".

Ermənistanın Milli Onkoloji Mərkəzinin direktor müavini Qaqik Bazikyan isə qeyd edib ki, Ermənistanda onkoloqların sayı azdır. "Əsas məsuliyyət ilkin müayinə edən həkimlərin üzərinə düşür. Həkimlər isə qısa onkoloji kurs keçiblər və o qədər də məlumatlı deyillər", - o deyib.

Bazikyan bildirib ki, bir çox yerdə olduğu kimi, Ermənistanda da xəstələr onkoloqa müraciət etməyə qorxurlar. O, ölkəsində onkoloji xəstələrin dispanserizasiyasının aparılmadığını, Ermənistanın buna imkanının olmadığını vurğulayıb. Bazikyan Ermənistanda daha çox süd vəzisi xərçənginin qeydə alındığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti