...

Azərbaycanda avtomobillərin nömrə nişanları ilə bağlı pozuntular zamanı siyasi xarakter daşıyan heç bir fakt aşkar olunmayıb

Cəmiyyət Materials 30 Yanvar 2013 17:30 (UTC +04:00)
Bir sıra KİV-lərdə və sosial şəbəkələrdə bəzi avtomobillərin dövlət nömrə nişanının üzərindəki Azərbaycan bayrağının sürücülər tərəfindən qəsdən silinməsinə dair xəbərlər yer alır. Dövlət Yol Polisi İdarəsi isə bu faktların qəsdən törədildiyini istisna edir.
Azərbaycanda avtomobillərin nömrə nişanları ilə bağlı pozuntular zamanı siyasi xarakter daşıyan heç bir fakt aşkar olunmayıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Bir sıra KİV-lərdə və sosial şəbəkələrdə bəzi avtomobillərin dövlət nömrə nişanının üzərindəki Azərbaycan bayrağının sürücülər tərəfindən qəsdən silinməsinə dair xəbərlər yer alır. Dövlət Yol Polisi İdarəsi isə bu faktların qəsdən törədildiyini istisna edir.

Bu Barədə Trend-ə açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

"5-6 il bundan əvvəl də bəzi avtomobillərdə siyasi maraqlara görə nömrə nişanlarında dəyişikliklər edilməsinə dair iddialar səslənirdi. Lakin araşdırmalardan sonra bu deyilənlər öz təsdiqini tapmadı. Məlum oldu ki, həmin avtomobillər siyasətdən tamamilə kənar şəxslərə məxsusdur. Yəni bu vaxtadək elə bir siyasi xarakter daşıyan heç bir fakt aşkar olunmayıb", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, nömrə nişanlarının standartların tələblərinə cavab verməməsi ümumilikdə nəqliyyat vasitələrinin istismarının qadağasına səbəb olan nasazlıqlar siyahısına aiddir. "Əgər nömrə nişanları normada nəzərdə tutulmuş standartların tələblərinə cavab verməsə və ya orada hər hansı rəqəm və ya hərfin, bayrağın silinməsi, üzərində rəngin qopması və digər elementlərin yararsız hala düşməsi müşahidə olunarsa, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq olduğuna görə həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Yəni onların istismarına qadağa qoyulur. Yəni yol polisinin ixtiyarı var ki, həmin nəqliyyat vasitəsini saxlasın və onların istismarını qadağan etsin", - Əliyev vurğulayıb.

Şöbə rəisi bildirb ki, müvafiq olaraq, nömrələr də standarta uyğun olmazsa, köhnə standartlara uyğun nömrə olarsa və ya avtomobil nömrəsiz olarsa, bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bu halda isə inzibati məsuliyyət 40 manatdan 60 manatadək cərimə və xətalara görə 4 bal verilməsini nəzərdə tutur.

Bu vaxtadək bir çox belə faktların olduğunu deyən BDYPİ rəsmisi qeyd edib ki, bundan sonra həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs həmin standarta uyğun olmayan dövlət qeydiyyat nişanını çıxarır və nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ərazi üzrə imtahan-qeydiyyat şöbəsinə müraciət edir və həmin nömrəni yenisi ilə əvəz edir. Bu hallarda verilmiş dövlət qeydiyyat nişanı dəyişdirildikdən, mövcud tələblərə cavab verən dövlət qeydiyyat nişanları ilə təmin olunduqdan sonra nəqliyyat vasitəsinin istismarına icazə verilir.

"Axı o sürücü nömrə nişanının üzərindəki bayrağı niyə silməlidir? Bu bayrağı sevməyən adam elə ölkədən çıxıb gedər. Ola bilərmi ki, bu gün milliyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşı olan şəxs Azərbaycan bayrağına hörmətlə yanaşmasın? Lakin müəyyən hadisə zamanı hansısa səbəbdən onun avtomobilində nömrə nişanının hansısa hissəsinin silinməsi və ya yararsız hala düşməsi faktları ola bilər. Bəzən nömrənin üstü palçıqlı olur. Amma belə hallara qarşı da yol polisi əməkdaşları tərəfindən mübarizə aparılır. Elə təkcə nömrənin təmiz saxlanılmamasına görə nə qədər sürücü inzibati məsuliyyətə cəlb edilib", - şöbə rəisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti