...

Azərbaycanda monitorinq imtahanlarının hansı siniflərdə keçiriləcəyi açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2013 13:30 (UTC +04:00)
Bu il orta məktəblərdə monitorinq imtahanlarının 5, 9, 11-ci siniflərdə keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Azərbaycanda monitorinq imtahanlarının hansı siniflərdə keçiriləcəyi açıqlanıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu il orta məktəblərdə monitorinq imtahanlarının 5, 9, 11-ci siniflərdə keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu siniflərdə imtahanların müəyyən fənlərdən keçirilməsi planlaşdırılır. Ancaq bu il digər siniflərdə də monitorinq imtahanları keçirilə bilər.

Komissiya sədrinin sözlərinə görə, monitorinq imtahanları aprel-may aylarında keçiriləcək. Monitorinq imtahanları bütün ölkə üzrə keçirilməyəcək. Bu imtahan yalnız müəyyən seçilmiş müxtəlif növ orta məktəblərdə keçiriləcək.

"Rayon, şəhər, uzaq kənd məktəbləri seçiləcək. Bununla da müxtəlif məktəblər və siniflər üzrə şagirdlərin biliyi yoxlanılacaq", - Abbaszadə deyib.

TQDK sədri monitorinq imtahanlarına hazırlıq adı ilə məktəblərdə müxtəlif test imtahanlarının keçirlməsinə də münasibət bildirib. O deyib ki, monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə ehtiyac yoxdur.

"Bizə məlumatlar daxil olur ki, bəzi məktəblərdə test imtahanları keçirilir və deyilir ki, guya bu imtahanları biz keçiririk. Bu belə deyil. Rayon təhsil şöbələri və məktəblərin özləri tərəfindən keçirlən hər hansı test imtahanının TQDK-ya heç bir aidiyyəti yoxdur. Biz yalnız aprel-may aylarında monitorinq imtahanları keçirəcəyik", - Abbaszadə deyib.

O qeyd edib ki, monitorinq imtahanlarının cədvəli məktəblərə təqdim ediləcək. Bu imtahanların nəticəsi isə qiymətləndirməyə təsir etməyəcək. Bu imtahanlar şagirdlərin ümumi bilik səviyyəsini öyrənmək və testləri həmin səviyyəyə uyğunlaşdırmaq üçün aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti