...

Azərbaycan sinoptikləri xəbərdarlıq etdi

Cəmiyyət Materials 1 Mart 2013 16:14 (UTC +04:00)
Martın 4-dən martın 7-si gündüz saatlarınadək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Azərbaycan sinoptikləri xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptiklərinin yaydığı ilkin xəbərdarlığa görə, martın 4-dən martın 7-si gündüz saatlarınadək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə bildirilib ki, martın 4-dən martın 7-si gündüzədək şimal və qərb rayonlarından başlayaraq yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə enəcək.

Martın 3-də Bakıda və Abşeron yarimadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küıləyi saniyədə 9-14 metr sürətlə əsəcək, arabir saniyədə 18-23 metrə çatacaq. Axşam şimal-qərb küləyi saniyədə 15-20 metr sürətlə əsəcək, küləyin sürəti arabir 23-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Martın 4-də buludlu hava şəraiti üstünlük təşil edəcək. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Çiskin olacağı, axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr sürətlə əsəcək. Küləyin sürəti gecə arabir 23 metrə çatacaq. Gündüz cənub küləyi saniyədə 8-13 metr sürətlə əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında martın 3-də axşam və martın 4-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi saniyədə 5-10 metr sürətlə əsəcək, küləyin sürəti arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə, martın 4-də isə 3-8 dərəcə isti təşkil edəcək.

Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Göycay, Ağcabədi rayonlarında martın 3-də gecə və səhər bəzi yerlərdə duman, lakin martın 4-də qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir 20-25 metrədək güclənəcək. Martın 4-də havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Martın 3-də gündüz havanın temperaturunun 16 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında havanın axşama doğru yağıntılı olacağı gözlənilir. Martın 3-də havanın temperaturunun gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə, martın 4-də 6-10 dərəcə isti olacağı gözlənilir.

Martın 4-də Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Martın 3-də havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə, martın 4-də isə 5-9 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında martın 3-də axşam və 4-də havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərə sulu qar və qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Martın 3-də gündüz 11-16, martın 4-də isə 6-11 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti