...

Azərbaycan alimlərindən yenilik: reanimasiyada yatan xəstələrə mobil telefonlar nəzarət edəcək

Cəmiyyət Materials 3 Aprel 2013 15:38 (UTC +04:00)
Azərbaycan alimləri xəstəxanaların reanimasiya şöbələrində yatan xəstələrin vəziyyətinə nəzarət edə bilmək üçün yeni texnologiya hazırlayıblar.
Azərbaycan alimlərindən yenilik: reanimasiyada yatan xəstələrə mobil telefonlar nəzarət edəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan alimləri xəstəxanaların reanimasiya şöbələrində yatan xəstələrin vəziyyətinə nəzarət edə bilmək üçün yeni texnologiya hazırlayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev Trend-ə bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Azərbaycan alimləri bu məqsədlə hazırladıqları texnologiyadan ilk mərhələdə mobil telefon vasitəsilə reanimasiyada yatan xəstənin vəziyyətinə nəzarət etmək üçün istifadə etmək niyyətindədirlər.

Əliyev qeyd edib ki, adətən, xəstəxanaların reanimasiya şöbələrində yatan xəstələrin səhhətinə kimsə nəzarət edir. Yeni texnologiyanın quraşdırıldığı mobil telefonu ürək nahiyəsinin üzərinə qoyduqda o, ürəkdəki küyə görə xəstənin vəziyyətinin dəyişməsi barədə məlumat alacaq. Daha sonra isə telefon xəstənin qohumlarına və ya həkiminə, xəstəxanadakı növbətçi personala avtomatik olaraq zəng edəcək və onları xəstənin vəziyyətinin dəyişməsindən xəbərdar edəcək. Mobil telefon yalnız onun yaddaşına yazılmış nomrələrə avtomatik zəng edə biləcək.

"Həmin telefonun funksiyası diaqnoz qoymaq deyil, monitorinq aparmaq olacaq. Bu telefon olduqda artıq xəstənin yanında gecə-gündüz kiminsə qalmasına ehtiyac olmayacaq. Telefon hər saniyədə xəstənin vəziyyətini yoxlayacaq", - institut direktoru qeyd edib.

Bu layihənin icrasının bir neçə ilə qədər uzana bilməsinin mümkünlüyünü qeyd edən Əliyevin sözlərinə görə, bu ilin əvvəlində beynəlxalq nüfuza malik "Lamber" və "Palmarium" nəşriyyatları Azərbaycan alimlərinin "Mobil telefon vasitəsilə ürəyin küyünə nəzarət" adlı kitabını rus və ingilis dillərində çap edib. Bu kitabda küy texnologiyasından istifadə etməklə ürək-damar və nəfəs yolları sisteminin patologiyasının başlanğıc mərhələsinin monitorinqinin aparıla bilməsi sübut edilib. Həmin kitab vasitəsilə bu monitorinq sisteminin texnologiyasının Azərbaycana məxsus olduğu beynəlxalq aləmə elan edilib.

"Artıq "Nokia" şirkəti Azərbaycanın bu yeniliyi ilə maraqlanıb. Biz onlarla danışanda dedik ki, mobil telefonda bu sistemdən ilk mərhələdə reanimasiya xəstələrinin vəziyyətinin dəyişməsinin monitorinqi üçün istifadə edək. Ancaq gələcəkdə bu sistem digər eksperimentlər üçün telefonun funksiyasına əlavə edilə bilər. Hazırda layihənin reanimasiyada yatan xəstələr üçün istifadəsi aktual planımızdadır", - Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti