...

Azərbaycan xarici ölkələrdə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında öz töhfəsini təklif edir (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 8 Aprel 2013 11:18 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bazar ertəsi Bakıda irimiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə edilməsi üzrə seminar öz işinə başlayıb.
Azərbaycan xarici ölkələrdə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında öz töhfəsini təklif edir (ƏLAVƏ OLUNUB 2)

Fransa səfirinin çıxışı əlavə olunub (İlk xəbər 10:39-da yayılıb)

Azərbaycan, Bakı, 8 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bazar ertəsi Bakıda irimiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə edilməsi üzrə seminar öz işinə başlayıb.

Trend-in məlumatına görə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə tədbirin açılışında bildirib ki, FHN öz vəzifələrinin yerinə yetirilməsi üçün beynəlxalq təcrübəyə, xüsusilə fövqəladə halların idarə olunması sahəsində zəngin təcrübəyə malik ölkələrin, o cümlədən Fransanın müvafiq qurumlarının təcrübələrinin öyrənməsinə xüsusi əhəmiyyət verir.

"Azərbaycan seysmik aktiv zonada yerləşir və burada təbii fəlakətlərin baş verməsi ehtimalı çox yüksəkdir, həmçinin burada potensial təhlükə mənbəyi olan obyektlər, o cümlədən neft və qaz kəmərləri, kimya sənayesi müəssisələri mövcuddur. Beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanda son illər baş vermiş bir sıra irimiqyaslı fəlakətlərin nəticələri çevik aradan qaldırılıb, insanlara dəyə biləcək zərərin minimuma endirilməsinə nail olunub", - o deyib.

Nazir müavini deyib ki, Azərbaycan, həmçinin xarici ölkələrdə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında hər zaman öz töhfəsini təklif edir.

"Ötən dövr ərzində nazirliyin aidiyyatı qüvvələri dünyanın müxtəlif ölkələrində baş vermiş fəlakətlər zamanı çevik şəkildə axtarış xilasetmə əməliyyatlarına qoşulmaqla istər baş vermiş fəlakətin qarşısının alınmasında, istərsə də insanların həyatının xilas olunmasında yaxından iştirak edib", -Tağızadə əlavə edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Monye tədbirdəki çıxışında Azərbaycanın fövqəladə halların qarşısının alınmasında əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, seminarın işində iştirak edən Fransa şirkətləri gələcəkdə də Azərbaycan FHN-nə fövqəladə halların qarşısının alınmasında öz töhfələrini verə bilərlər.

"İndi Azərbaycanın potensialı çox böyükdür, qeyri-neft sektorunda artım müşahidə olunur", - Monye bildirib.

Diplomat Azərbaycanın inkişaf edən bölgələri sırasında Qəbələnin adını xüsusi vurğulayıb.

"Bu regionun müasirləşməsi bizdə xoş təəssürat yaradır. Qəbələ Qafqazın turizm paytaxtlarından birinə çevrilə bilər", səfir əlavə edib.

Azərbaycan ilə Fransa arasında münasibətlərə də toxunan səfir iki ölkənin təsisatları arasında yaxşı münasibətlərin olduğunu söyləyib.

"İndi Azərbaycan böyük tədbirlərə ev sahibliyi edən güclü və nüfuzlu ölkəyə çevrilib. Hazırda Azərbaycan Dünya İqtisadi Forumu kimi mötəbər tədbirə sahiblik edir. Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu cür tədbirlərin Bakıda təşkil olunması bir daha Azərbaycanın beynəlxalq nüfuzunun artdığının bariz nümunəsidir", deyə səfir vurğulayıb.

Tədbirdə həmçinin Azərbaycanın Fövqaladə Hallar Nazirliyinin (FHN) fəaliyyətinə dair video çarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti