Azərbaycan, Bakı, 30 aprel/Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası regionlarda keçirdiyi monitorinq imtahanlarının tarixlərini açıqlayıb.
Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında imtahanlar mayın 6, 7 və 8-də keçiriləcək.
Aprelin 29-da, 30-da və mayın 1-də Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumtəhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir.
Ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 29-da Azərbaycan dilindən, aprelin 30-da riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən imtahan verirlər.
Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 29 -da Azərbaycan dilindən, aprelin 30-da isə riyaziyyat fənnindən imtahan verirlər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verirlər.