Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan alimləri Türkmənistanda anomal seysmik proseslərin (ASP) başlanmasını 15-20 saat əvvəldən aşkarlamaq məqsədilə monitorinq aparmaq üçün eksperimentlər həyata keçirəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev çərşənbə günü Trend-ə bildirib ki, hazırda Türkmənistanla cox ciddi danışıqlar aparılır. Bu danışıqlar nəticəsində Türkmənistanda da belə eksperimentlərin aparılması üçün müqavilə bağlanacaq. Hazırda bu müqavilənin imzalanması üçün işlər aparılır. Müqavilə bağlandıqdan sonra Azərbaycan alimləri türkmən alimləri ilə birgə anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etmək və onun monitorinqini aparmaq məqsədilə eksperimentlər aparacaqlar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Rabitə və İnformasiya Texnalogiyları Nazirliyinin AMEA ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini aparmağa imkan verən 6-cı syansiya Naxçıvan Muxtar Respublikasında quraşdırılıb. Bu stansiya Türkiyə və İranın müəyyən hissələrində baş verən zəlzələləri 15-20 saat əvvəldən qeyd edir.
"Mayın sonunda Makedoniyada dünya üzrə anomal seysmik proseslər üzrə böyük konfrans keçiriləcək. Azərbaycan nümayəndələri də həmin tədbirdə iştirak edəcəklər. Bu tədbirdə iştirak etdikdən sonra Türkiyəyə gedəcəyik. Daha sonra Türkiyədə belə stansiyaların quraşdırılması və belə eksperimetlərin aparılması üçün müəyyən işlər görəcəyik",-institut direktoru əlavə edib.
Əliyev qeyd edib ki, zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların altısı da anomal seysmik proseslərin başlanmasını 15-20 saat qeyd edir.
Əliyev qeyd edib ki, gələcəkdə belə eksperimetlərin Özbəkistanla da birgə aparılması nəzərdə tutulur.
İnstitut direktorunun sözlərinə görə, bu sistem yaradıldıqdan sonra seysmik baxımdan aktiv ölkələrdə anomal seysmik proseslərin başlanmasına nəzarət oluna biləcək.