Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Orta məktəb dərslikləri layihələrinin qiymətləndirməyə verilməmişdən əvvəl nəşriyyatlar tərəfindən sistemli şəkildə sınaqdan keçirilməsi tələb kimi qoyulmalıdır. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə deyib.
Onun sözlərinə görə, dərsliklərin sınaqdan keçirilməsi qaydaları təkmilləşdirilməlidir.
Kazımzadə deyib ki, hazırda dərsliklər məktəblərdə sınaqdan keçirilir. Ancaq bu iş sistemli şəkildə aparılmır.
"Bu iş sistemli şəkildə nəşriyyatların tərəfindən aparılmalıdır. Buna görə də bu, qayda kimi tələb olunmalıdır", - Şura sədri əlavə edib.
Dərsliklərin qiymətləndirilməsi siyasətinin hər zaman yenilənməyə ehtiyacı olduğunu deyən Kazımzadə bildirib ki, tender elan edildikdən sonra dərsliklərin hazırlanması prosesində iştirak etmək istəyənlər öz təkliflərini Təhsil Nazirliyinə təqdim edirlər. Bundan sonra isə dərsiklərin layihələri Qiymətləndirmə Şurasına təqdim edilir və bu qurum tərəfindən qiymətləndirilir.