...

Baş nazirin müavini Bərdədə salınan yeni qəsəbədə olub

Cəmiyyət Materials 8 May 2013 22:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə olub. Trend-in məlumatına görə, qəsəbənin tikintisi ilə tanış olan baş nazirin müavini burada tikinti işləri aparan inşaatçılarla görüşüb.

O, görüş zamanı bəzi iş icraçılarının fəaliyyətindən narazılığını dilə gətirib. İcraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirmələri üçün tapşırıqlar verib.

Əli Həsənov bildirib ki, yaşayış massivində inşa edilən tikililərin keyfiyyətinə mütəxəssislər tərəfindən tam və ciddi nəzarət olunur. Müşavirədən sonra media nümayəndələrinin suallarını cavablandıran Əli Həsənov əlavə ev almaq məqsədi ilə süni boşanma hallarına yol verənlərin onların payına düşən qanuni mənzildən belə məhrum olacaqlarını bildirib.

Xatırladaq ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, Bərdədə salınan yeni yaşayış sahəsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, poçt inşa edilir. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. İşlər tam yekunlaşdırıldıqdan sonra yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşan ailələr köçürüləcək.

Xəbər lenti

Xəbər lenti