Azərbaycan, Bakı, 10 may /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi mayın 10-da Heydər Əliyev Fondunda olublar. Onlar Ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və Ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olublar.
Nazirliyinin rəhbərliyi və kollektivi dünya şöhrətli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə, Azərbaycanın dövlət müstəqilliyinin xilas edilməsi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa ediblər.
Sonra onlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxıblar.