...

Azərbaycanın qrup komandası bədii gimnastika üzrə Dünya kubokunun gümüş mükafatçısı olub

Cəmiyyət Materials 20 May 2013 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanın böyüklərdən ibarət komandası Belarusun paytaxtı Minskdə keçirilən bədii gimnastika üzrə Dünya kubokunun gümüş mükafatçısı olub.

Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyan Vasileva və Aliyə Paşayevadan ibarət kollektiv beş cüt gürzlə tapşırıqların finalında Rusiyadan olan Olimpiya çempionlarını qabaqlayaraq ikinci pilləni tutub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, çoxnövlülük üzrə yarışların finalında bizim komandamız İtaliyadan olan üçqat dünya çempionlarından cəmi 0,1 az xal toplayaraq dördüncü pilləni tutub. "İkili yarışda qızlar top və lentlərlə tapşırıqlarda yaxşı çıxış etdilər, lakin final kombinasiyası lap əvvəldən alınmadı və nəticə olaraq altıncı pilləni tutdular. İstənilən halda mən onların çıxışlarından və Marina Durundanın Dünya kuboku üzrə bütün dörd finalda əldə etdiyi nəticələrdən razıyam".

Baş məşqçi bildirib ki, Durunda ən yaxşı nəticəni halqa ilə dördüncü olduğu yarışların finalda göstərib. 16 yaşlı idmançı lentlə 5-ci, gürzlə və çoxnövlülükdə 6-cı və nəhayət topla olan yarışlarda 7-ci olub.

İkinci azərbaycanlı gimnast Lalə Yusifova yalnız topla olan yarışların finalına çıxıb və 8-ci pilləni tutub.

Minskdə qələbəni rusiyalı Yana Kudryavseva və Darya Svatkovskaya, həmçinin meydan sahibi Melitina Stanyuta bayram edib.

10 gündən sonra, yəni 31 may-2 iyun tarixlərində Avstriyada bədii gimnastika üzrə Avropa çempionatı keçirliəcək. Vyanada keçiriləcək çempionatda 32 ölkəni təmsil edəcək 24 yeniyetmə qrup komandası və gimnastlar yığışacaq. Yeddi dəst medal uğrunda gedən yarışlarda Azərbaycanı Lalə Yusifova, Marina Durunda və Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonava, Emiliya Bağıyeva və ehtiyat Aynur Mustafayevadan ibarət yeniyetmələrdən ibarət komanda təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti