...

Azərbaycanda hərbi qanunvericilik aktlarının unifikasiyası gözlənilir

Cəmiyyət Materials 20 May 2013 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend, müxbir M.Əliyev/

Azərbaycanın güc strukturları tərəfindən hərbi qanunvericiliyin aktlarının unifikasiyası məqsədi ilə Hərbi Məcəllə hazırlanır.

Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Onun sözlərinə görə, məcəllənin hazırlanması ilə vahid normativ bazanın formalaşdırılması bu sahədə qanunlardakı natamamlıqları aradan qaldırmağa imkan verəcək, beynəlxalq hüquq sisteminə qoşulmağa şərait yaradacaq:

"Bu gün ayrı-ayrı sahələrdə işləyən gözəl qanunlar var. Amma vətəndaş maraqlarının müdafiəsində bir sıra hallarda onlar yaramırlar. Hərbi Məcəllənin qəbulu ümumiyyətlə Azərbaycandakı qanunvericilik sistemini tamamlaya bilərdi. Biz bir sıra sahədə müxtəlif sənədləri vahid topluda birləşdirmişik (Seçki Məcəlləsi, Cinayət Məcəlləsi və sair). Niyə bunu hərbi sahədə də etməyək? Misal üçün, "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanun qəbul edilib və indi də hərbi qulluqçuların statusu ilə bağlı məsələnin də ayrıca müzakirəsi gözlənilir. Halbuki, hərbi xidmət də, hərbi vəzifə də, hərbi qulluqçularla bağlı məsələlər də vahid bir məcəllənin içərisində birləşə bilərlər".

Millət vəkili qeyd edib ki, bu sahədə qanunların çoxluğu vətəndaşların onlarla işləməsində çətinliklər yaradır:

"Vahid sənəd dünya modelidir. Hərbi Məcəllə qəbul olunmaqla Azərbaycanda bir sıra keçmiş sovet dövründən qalan qanunvericilik aktları və təlimat sənədlərinin yenilənməsi baş tutacaq".

Eyni zamanda deputat güc strukturları tərəfindən məcəllənin hazırlanması prosesinin ləng aparıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti