Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "İdeyanı bizimlə paylaş" devizi altında yeni pilot layihəyə start verib.
Birlikdən Trend-ə verilən məlumata görə, mayın 22-23-ü tarixlərində keçirilmiş bu layihənin əsas məqsədi gənclərimizə fandreyzinq təlimlərinin keçirilməsi və gənclərin layihələr yazmaqla bağlı biliklərinin artırılmasından ibarətdir.
Təlimlər Gənclər Birliyi ofisinin əməkdaşı Leyla Kərimova tərəfindən keçirilib. Təlimlərin birinci günü gənclərə layihə, donor təşkilatlarla işləmək qaydaları, büdcə məsələləri və s. mövzular ətrafında təlimlər keçirilib, təlim bitdikdən sonra gənclər 4 qrupa bölünərək müxtəlif mövzularda layihələr hazırlanıb.
Gənclər komanda formasında hazırladıqları layihələrin təqdimatlarını etdikdən sonra layihənin ikinci günü təlimin gənclər tərəfindən mənimsənilməsinin yoxlanılması üçün gənclərə test tapşırıqları verilib. YAP Gənclər Birliyi tərəfindən test tapşırıqlarından yaxşı nəticə toplayan gənclərə sertifikatlar təqdim edilib.
Gənclər tərəfindən hazırlanmış icrası real olan və kreativliyi ilə seçilən bir neçə layihə YAP Gənclər Birliyi tərəfindən həyata keçiriləcək.