...

Torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsindəki problem

Cəmiyyət Materials 14 İyun 2013 15:34 (UTC +04:00)
"Torpaq islahatı haqqında" 16 iyul 1996-cı il tarixli qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsindəki problem

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

"Torpaq islahatı haqqında" 16 iyul 1996-cı il tarixli qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Bu torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinin plan və ölçüsü tələb olunur ki, həmin sənəd də Torpaq Məcəlləsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaşın müraciəti əsasında hazırlanır. Lakin əfsuslar olsun ki, bu gün vətəndaşlar həmin sənədin alınmasında problemlərlə üzləşirlər. Həmin problemlərin isə qanunvericiliyimizdə olan boşluqdan qaynaqlandığı dəqiqdir.

Belə ki, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün müraciət edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vətəndaşlardan onlara yerli icra hakimiyyəti orqanı tərəfindən torpağın ayrılması haqqında sərəncamın arxiv surətinin tədqim olunmasını və sair bir sıra sənədlər tələb edir. Təcrübədə isə bu sənədlərin əldə edilməsində ciddi problemlər mövcuddur. Çox vaxt həmin sənədi ortaya çıxarmaq həm vətəndaş, həm də yerli icra hakimiyyəti orqanları üçün müşkülə çevrilir.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Trend-ə bildirib ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır:

"68-ci maddənin tələbindən göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin şərtlərindən biri də onun plan və ölçüsünün tərtib edilməsidir. Həmin Məcəlləyə əsasən, torpaq sahəsinin plan və ölçüsü Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanır".

Vəkilin sözlərinə görə, nə Torpaq Məcəlləsində, nə də digər aidiyyəti qanunvericilikdə torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilərkən komitəyə hansı sənədlərin təqdim edilməli olduğu barədə göstəriş mövcud deyil:

"Belə olan halda təcrübədə komitə tərəfindən vətəndaşlardan onlara yerli icra hakimiyyəti orqanı tərəfindən torpağın ayrılması haqqında sərəncamın arxiv surəti tələb olunur. Əgər torpaq bələdiyyədən alınıbsa, müvafiq orqanların rəyi də tələb olunan sənədlər siyahısındadır. "Müvafiq orqanlar" dedikdə isə Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) başa düşülməlidir. Son nəticədə isə belə sənədləri təqdim edə bilməyən vətəndaşlarla komitə arasında məhkəmə çəkişmələrinin baş verməsi labüdlüyə çevrilir".

O, qeyd edib ki, bununla belə, bu qəbildən olan mübahisələrlə bağlı məhkəmə praktikasında qərarlar, əsasən, vətəndaşların xeyrinə çıxarılır.

Bunu nəzərə alaraq, Bağırov təklif edir ki, mövcud hüquqi boşluğun aradan qaldırılması üçün torpaq qanunvericiliyinə müvafiq əlavələrin edilməsi problemin çıxış yolu ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti