...

Nazir müavini: Azərbaycanda baş verən yanğınların sayı azalıb

Cəmiyyət Materials 18 İyun 2013 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlara çağırışların sayı 426 hadisə və ya 15,2 faiz, yüksək saylı çağırışla söndürülən yanğınların sayı isə 9 fakt və ya 60 faiz azalıb. Eyni zamanda yaşayış sahəsində baş vermiş yanğınların sayı 119 hadisə və ya 14,6 faiz, digər obyekt və qurumlarda baş verən yanğınların sayı 38 hadisə və ya 6,4 faiz, yanan tikili sahəsi 5952 kvadrat metr azalıb.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunan dövr ərzində yanğın yerində azyaşlıların həlak olması 3 fakt, yanğından xəsarət alanların sayı 6 fakt azalıb. Mühafizə olunan tikili sahəsi 21854 kvadratmetr, xilas olunan insanların sayı 7 nəfər, təxliyə olunan insanların sayı 85 nəfər artıb:

"Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlarla bağlı bütün statistik nəticə və göstəricilər müsbət dinamika ilə yekunlaşıb. Bundan başqa il ərzində yanğınlardan həlak olan insanların sayı ölkə əhalisinin hər 100 min nəfərinə Azərbaycanda orta hesabla 0,49 nəfər düşürsə, digər ölkələrdə bu göstərici 3,3-11,7 nəfər təşkil edir".

Nazir müavini onu da deyib ki, Avropa və Asiyanın inkişaf etmiş ölkələrində il ərzində hər min nəfərə düşən yanğınların sayı 1- 6 təşkil edirsə, Azərbaycanda hər min nəfərə 0,55 yanğın düşür. F. Tağızadə, həmçinin bildirib ki, sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində son 3 il ərzində çimərlik ərazilərində suda batma halı olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti