...

Elçin Əfəndiyev: Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində hələ çox iş görülməlidir

Cəmiyyət Materials 2 İyul 2013 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların ailə qayğısı ilə əhatə edilməsi, uşaqların asudə vaxtının daha səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası kimi məsələrlə bağlı hələ çox iş görülməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev YUNİSEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşək" şüarı altında keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilsə də, hələ bu sahədə ciddi problemlər var və aktual mahiyyətə malikdir:

"Görülən işlərin daha səmərəli həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlara, ilk növbədə, YUNİSEF-lə əlaqələrin daha da gücləndirilməsinə önəm veririk. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq".

E.Əfəndiyev qeyd edib ki, bu gün ölkədə uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq dövlət proqramı həyata keçirilir: "Bu proqramlar vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Dövlət başçısının fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında uşaq məsələlərinə də xüsusi yer ayrılıb. Prezidentin başqa bir sərəncamı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası" uşaq hüquqlarının qorunması sahəsində qəbul olunmuş ən əhəmiyyətli sənədlərdən biri kimi dövlətin imkanlarının daha da səmərəli istifadəsinə münbit zəmin yaradıb".

Baş nazirin müavini deyib ki, həyata keçirilən qanunvericilik islahatları uşaq hüquqlarının təmini, onların sağlam və yüksək təhsilli vətəndaş kimi formalaşması, sosial hüquqlarının qorunması üçün ciddi əsaslar yaradıb:

"İndi həmin əsaslar üzərində hər bir uşağa daha artıq qayğı və sevgi ilə yanaşmaq üçün şərait var. Hamımız bu şəraitdən istifadə etməliyik. Valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması, uşaqların yaradıcılıq mühitində böyüməsi, onların istirahəti və asudə vaxtının təşkili, sağlam inkişafı, onlarda yeni texnologiyalara, ədəbiyyata, incəsənətə, xarici dillərə, idmana marağın gücləndirilməsi kimi mühüm məsələlər yalnız aidiyyəti qurumların deyil, bütün cəmiyyətin diqqət mərkəzində olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti