...

YUNİSEF-in Azərbaycanla əməkdaşlığının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2013 19:51 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin Uşaq Fondu (YUNİSEF) ilə birlikdə YUNİSEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə “Uşaqlar naminə birləşək” şüarı altında tədbir keçirib.
YUNİSEF-in Azərbaycanla əməkdaşlığının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Əhmədova/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin Uşaq Fondu (YUNİSEF) ilə birlikdə YUNİSEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşək" şüarı altında tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan hökuməti və YUNİSEF arasındakı Ölkə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalı nəzərdən keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyevin sədrlik etdiyi iclasda muvafiq nazirliklərin nümayəndələri, vətəndaş cəmiyyəti, BMT agentlikləri və diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər. İclasda YUNİSEF-in Nyu Yorkdakı Baş Qərargahından təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini də iştirak edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, uşaqların problemi dünya miqyaslı və bəşəri problemlərdən biridir: "Azərbaycanda uşaqların problemi xüsusi olaraq ciddi əhəmiyyətə malikdir. Çünki Azərbaycanda 1 milyon 300 mindən artıq qaçqın və məcburi köçkün var ki, onların da bir hissəsini uşaqlar təşkil edir. Ona görə də ölkənin ən vacib sahələrindən, o cümlədən uşaq siyasətinin əsas prioritetlərindən biri məhz uşaqların hüquqlarının müdafiə olunması, onların keyfiyyətli təhsil, diqqət və qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşmasıdır. Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə uşaqların intellektual inkişafı, onların sağlam böyüməsi üçün mühüm layihələr həyata keçirilir. Azərbaycan mövcud məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatlar, xüsusilə YUNİSEF-lə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verir. 20 il ərzində Azərbaycan YUNİSEF-lə mühüm işlər həyata keçirib və bu layihələr gələcəkdə də davam etdiriləcək".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarıb: "Artıq Azərbaycan bir sıra beynəlxalq təşkilatların, həmçinin YUNİSEF-in yaxın partnyorudur. Sözügedən əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Bundan sonra YUNİSEF-lə birgə əməkdaşlığımız uşaqların inkişafına uğurlu töhfələr verməklə onların maraqlarının təmin olunmasına yönələcək".

YUNİSEF-in Nyu Yorkdakı Baş Qərargahından təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini isə Azərbaycanın YUNİSEF-lə birgə fəaliyyətini yüksək qiymətləndirib. Sotollini qeyd edib ki, əvvəllər Azərbaycan beynəlxalq təşkilatların təcrübəsindən istifadə edirdisə, bu gün artıq öz təcrübəsini dünya ölkələri ilə bölüşür.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və digər dövlət qurumlarının nümayəndələri YUNİSEF-lə birgə əməkdaşlıq sahəsindəki nailiyyətlərdən danışıb.

İclasda qarşıda duran problemlər və onların həlli istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Daha sonra tədbirdə YUNİSEF-in fəaliyyətinin əsas prioritet sahələrini özündə əks etdirən foto-sərgi və təşkilatın ölkədəki fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş musiqi proqramının müşayiəti ilə ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti