Azərbaycan, Bakı, 5 iyul / Trend, müxbir İ.İzzət/
Ötən son 11 il ərzində xarici ölkələrdə ümumilikdə Azərbaycanın 215 yeni diaspor təşkilatı yaradılıb və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının sayı 450-yə yaxındır.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün, iyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 11 ili tamam olur. Komitə ulu öndər Heydər Əliyevin "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədiilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzalayıb.
Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biri - dünyadakı soydaşlarımızın sıx birliyini təmin etməkdir. Bu sahənin inkişafına dövlət qayğısının daha da artırılması məqsədilə Dövlət Komitəsi yaradıldıqdan az sonra - 2002-ci ilin dekabrında "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" qanun qəbul olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi ötən 11 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb.
Dünya Azərbaycanlılarının II Qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Forumu, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, Dünya azərbaycanlılarının III qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları və digər dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri iştirak ediblər. Azərbaycan hökumətinin dəstəyi ilə keçirilmiş bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr verib, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında önəmli rol oynayıb.
Bu illər ərzində keçirilmiş 2200-ə yaxın tədbirdən təqribən 1100-ü Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət edib. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması prioritet məsələ olub.
Bundan başqa, Azərbaycanın diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edilib, eyni zamanda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-də Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirilib.
Ötən müddətdə "20 Yanvar" faciəsi, Xocalı soyqırımı, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Amerika, Avropa, Asiya ölkələrində Azərbaycan icmaları tərəfindən anım mərasimləri, foto və rəsm sərgiləri, təbliğat kampaniyaları, elmi-praktik konfranslar və digər tədbirlər təşkil olunub.
Müxtəlif ölkələrdə 500-dən artıq mədəni-kütləvi tədbirlər - Azərbaycanın qədim mədəniyyətini, zəngin irsini təbliğ etmək məqsədilə dünyanın müxtəlif ölkələrində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgilər, mədəniyyət və kino günləri, müxtəlif formatlı bayram tədbirləri, konsert proqramları və s. keçirilib. Bu tədbirlərin bir çoxu xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət edib. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimai və siyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilib, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunub.
Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi işinə də xüsusi önəm verib. MDB məkanında, xüsusən Rusiyada, Ukraynada yaşayan soydaşlarımızın vətəndaş hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə hüquq müdafiə mərkəzləri təsis edilib.
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə xüsusi tədbirlər həyata keçirib: Gürcüstandakı Azərbaycan məktəblərində "Gürcü dili" kursları açılıb və gürcü dilinin tədrisi üçün dərsliklərlə təmin olunub. Nəticədə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 azərbaycanlı tələbənin 352-si "Gürcü dili" kurslarının dinləyiciləri olublar.
Dövlət Komitəsi türkdilli xalqların diasporu arasında əməkdaşlığın yaradılmasına nail olub. Bu ilin mayında Ankarada türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyasının qəbul olunması, iyunun 21-də isə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu bi istiqamətdə atılan vacib addımlardır.