...

Azərbaycan və İran arasında gənclər və idman sahəsində 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb

Cəmiyyət Materials 10 İyul 2013 13:45 (UTC +04:00)
Azərbaycan və İran arasında gənclər və idman sahəsində 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb.
Azərbaycan və İran arasında gənclər və idman sahəsində 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan və İran arasında gənclər və idman sahəsində 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb.

Trend xəbər verir ki, Azərbaycanda səfərdə olan İranın gənclər və idman naziri M.Abbasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın gənclər və idman naziri A.Rəhimovla görüşüb.

Gənclər və İdman Nazirliyində keçirilən görüş zamanı nazir Azad Rəhimov bildirib ki, iki ölkənin nazirlikləri arasında təcrübə mübadiləsi çox vacibdir: "2009-ci ildə "İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Lakin düşünürük ki, iki ölkənin müvafiq nazirlikləri arasında da belə bir saziş olmalıdır".

A.Rəhimov deyib ki, bu ilin sonunadək iki ölkə arasında gənclər və idman sahəsində yeni saziş imzalanacaq.

Onun sözlərinə görə, iki ölkənin nazirlikləri arasında gənclər sahəsində yaxşı əlaqələr mövcuddur, amma bu gün imzalanan niyyət protokolu bu əlaqələri hərtərəfli inkişaf etdirəcək və keyfiyyət baxımından yeni səviyyəyə çıxaracaq.

Nazir qeyd edib ki, Azərbaycan gənc ölkədir. Əhalisinin 66%-i gənclərdir və 14-29 yaşlı gənclərin sayı ümumi əhalinin 31%-ni təşkil edir. Azərbaycanda gənclər sahəsində 220-dən artıq QHT fəaliyyət göstərir və nazirlik tərəfindən bu təşkilatlara dəstək verilir.

Azərbaycan və İran arasında tələbə mübadiləsi məsələsinin də önəmli olduğunu deyən nazir Azərbaycandakı tələbələr arasında "Sən İran haqqında nə bilirsən?" və İrandakı tələbələr arasında "Sən Azərbaycan haqqında nə bilirsən?" adlı inşa müsabiqəsinin keçirilməsini təklif edib.

Nazir iki ölkə arasında idman sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirib. A.Rəhimov ölkədə beynəlxalq səviyyədə bir sıra möhtəşəm turnirlərin keçirildiyi, o cümlədən qarşıdakı illərdə də dünya və Avropa səviyyəsində bir neçə idman yarışlarının keçiriləcəyi barədə məlumat verib.

M.Abbasi bildirib ki, gənclər sahəsi xüsusi diqqət tələb edən məsələdir. Həm İranda, həm də Azərbaycanda çoxlu gənclər təşkilatlarının olması hər iki ölkənin gənclər sahəsinə önəm verdiyinin göstəricisidir. Elmi, əxlaqi məsələlər sahəsində də işlər görülməlidir.

Bu gün imzalanan sənədə gəlincə, o qeyd edib ki, iki ölkə arasında həm gənclər, həm də idman sahəsində əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək.

Görüşdə Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki indiki vəziyyət və gələcək perspektivlərə dair bir sıra digər məsələlərə də toxunulub.

Qeyd edək ki, səfər çərçivəsində İran nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

İran nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında və Gənclər Təşkilatları Milli Şurasında da görüşlər keçirəcək, 2015-ci il Avropa Oyunları Atletlər kəndi ilə tanış olacaqdır. Onlara, həmçinin Taekvondo İdman Mərkəzi və Güləş Mərkəzində idmançıların şəraiti ilə bağlı məlumat veriləcək və fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti