...

Azərbaycanda iki nəfərin ölümündə, beş nəfərin yaralanmasında təqsirli bilinən şəxsə hökm oxunub

Cəmiyyət Materials 16 İyul 2013 12:23 (UTC +04:00)
Tərtər Hərbi Məhkəməsində iki nəfərin ölümündə, beş nəfərin yaralanmasında təqsirli bilinən Beyləqan sakini 1990-cı il təvəllüdlü Əliyev Etibar Şükür oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda iki nəfərin ölümündə, beş nəfərin yaralanmasında təqsirli bilinən  şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Məmmədov/

Tərtər Hərbi Məhkəməsində iki nəfərin ölümündə, beş nəfərin yaralanmasında təqsirli bilinən Beyləqan sakini 1990-cı il təvəllüdlü Əliyev Etibar Şükür oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Etibar Əliyev 3 il müddətində nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2012-ci il noyabrın 3-də, Aran-Mingəçevir yolunun Aran qəsəbəsi ərazisindən keçən 2-ci km-də 1990-cı il təvəllüdlü Beyləqan rayon sakini Etibar Əliyevin idarə etdiyi "Mercedes-Benz" markalı, 10-KZ-642 dövlət qeydiyyat nişanlı avtomobillə 1981-ci il təvəllüdlü Tərtər şəhər sakini Elməddin Əliyevin əks istiqamətdə idarə etdiyi "VAZ-2107" markalı, 30-BC-920 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü Elməddin Əliyev və sərnişin 1950-ci il təvəllüdlü Əliyeva Qənirə Bəylər qızı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 42 yaşlı Natiq Quliyev, 34 yaşlı Elnarə Quliyeva, 80 yaşlı Həqiqət Quliyeva, 10 yaşlı Nahid Quluzadə və 12 yaşlı Namiq Quluzadə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində günahkar Etibar Əliyevin olduğu müəyyən edilib və o, həbs edilib. Etibar Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti