Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/
Birillik tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş hakimliyə namizədlərlə yekun müsahibə keçirilib.
Məhkəmə Hüquq-Şurasından Trend-ə verilən məlumata görə, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlarla seçimi keçirilir. Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə yekun müsahibə keçirilib.
Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçilər iştirak ediblər. Müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.
Qeyd edək ki, buna qədər 76 nəfər hakimliyə namizəd 5 müxtəlif seçim mərhələsindən keçmişdi.