Azərbaycan, Bakı, 30 iyul /Trend/
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Binəqədi rayon İcra Hakimiyyətinin konfrans zalında "Binəqədi gənclərinin ictimai fəallığı" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, rayon gənclərinin aktiv iştirak etdiyi konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, bugunki gənclikdən məmnundur: "Bütün sahələrdə - sosial, iqtisadi, ictimai, eləcə də siyasi sahədə Azərbaycan gəncliyi aktiv iştirak edir. Bu, bizi sevindirir. Gənclik gələcəyimizdir."
Dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan gənclər siyasətindən danışan PA rəsmisi gənclərin fəaliyyətini müsbət dəyərləndirib. Binəqədi rayon gənclərinin aktivliyini vurğulayan Əli Həsənov son bir il ərzində dövlət başçısı İlham Əliyevin rayona bir neçə dəfə səfər etməsini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə rayona səfəri Binəqədi rayonuna verdiyi önəmin göstəricisidir. Bu isə rayon gənclərinin ölkənin ictimai-siyasi həyatındakı fəallığına, onların inkişafına böyük stimul yaradır.
Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əgər 2003-cü ildə dövlət gənclər siyasətinə 2,5 milyon manat ayırmışdısa, bu rəqəm 2013-cü ildən ondan 100 dəfə artıqdır. Bu isə gənclərin fəaliyyətinin genişlənməsinə xidmət edir.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov gənclərlə keçirilən mütəmadi görüşlərdən danışıb. Bildirdi ki, rayon İcra Hakimiyyəti gələcəkdə aktiv gənclərdən potensiallı kadr kimi faydalanmaq niyyətindədir.
Konfransda "Təkan" Tələbə Gənclər İctimai Birliyinin sədri Leyla Kərimova "Azərbaycanda gənclər siyasəti və gənclərin ictimai fəallığı", dövlət hesabına Rumıniyada təhsil alan tələbə Cavid Qarayev "Azərbaycanda insan kapitalının inkişafı və gənclər", gənc psixoloq Fuad Bayramov "Azərbaycançılıq ideologiyası və gənclər" mövzularında çıxış ediblər.
Həmçinin, tədbirdə 244 saylı məktəbin məzunu, builki qəbul imtahanlarında ən yüksək - 695 bal toplayan Sevinc Qafarlı göstərdiyi yüksək nəticənin gənclərə dövlət qayğısının təzahürü kimi qiymətləndirib.
Konfransda rayon fəalı Rəvanə Abdullayeva Binəqədi rayon fəal gəncləri adından cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən Bəyanatı səsləndirib.