Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda son illərdə nəqliyyat vasitələrinin sayının çoxalması, avtomobil yollarında hərəkətin intensivliyinin artması nəticəsində yol-nəqliyyat hadisələrinin, bu hadisələr zamanı ağır travmaların və ölüm hallarının sayı durmadan artır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, yollarda avtomobil qəzaları zamanı zərərçəkmişlərə tibbi yardımın vaxtında göstərilməsi, bununla da ölüm hallarının və travmadan sonrakı şikəstliyin azaldılması məqsədi ilə nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsi yaradılıb. Hazırda onlar uğurla fəaliyyət göstərirlər.
Nazir qeyd edib ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə bu xidmətin avtomobil parkı yeniləşdirilib. Bu illər ərzində tibbi avadanlıqla təchiz edilmiş 350 ədəd "Mersedes" markalı avtomaşın alınaraq xidmətin istifadəsinə verilib.