Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir A.Məmmədov/
Bakı Apelyasiya Məhkəməsində "Qarabağ partizanı" kimi tanınan və 2004-cü ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Məmməd Məmmədovun işi üzrə yenidən məhkəmə başlayıb.
Trend-in məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə məhkəmənin ilkin dinləməsi olub. Daha sonra məhkəmə baxışı avqustun 29-na təyin edilib.
Qeyd edək ki, Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhkum edilib. "Qarabağ partizanları"nın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. "Qarabağ partizanları" xüsusi dəstə yaradıblar, silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istəyiblər, MTN isə onları həbs edib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Məmmədovun şikayətinə baxıb və bununla bağlı qərar verib. Avropa Məhkəməsi hesab edir ki, Ali Məhkəmə Məmməd Məmmədovun işinə baxarkən qanun pozuntusuna yol verib. Çünki prosesdə nə Məmməd Məmmədov, nə də vəkili iştirak edib. Buna görə də Ali Məhkəmə sonda Məmməd Məmmədovun işinin Bakı Apelysiya Məhkəməsinə qaytarılmasına və yenidən baxılmasına qərar verib.