...

Təhsil Nazirliyinə təqdim edilən saxta diplomlar daha çox MDB məkanındakı ali məktəblərlə bağlıdır

Cəmiyyət Materials 28 Avqust 2013 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinə təqdim edilən saxta diplomlar daha çox MDB məkanındakı ali məktəblərlə bağlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində ona ünvanlanan suallara cavab verərkən bildirib:

"Bizə təqdim edilən diplomlar arasında saxta diplomlarla də rastlaşırıq. Belə hallar daha çox MDB məkanındakı ali məktəblərlə bağlı olur. Bəzi hallarda biz diplomların təsdiqi üçün müraciət etdikdə müvafiq ölkənin Təhsil Nazirliyi, yaxud universiteti belə bir diplomu vermədiyini deyir. Təbii ki, bu hal imtina üçün əsasdır".

M.Cabbarov qeyd edib ki, xarici ölkələrdə ali təhsil alanların diplomlarının tanınması Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi qərara uyğun həyata keçirilir. Xarici ali təhsil müəssisəsi öz ölkəsində akkreditasiyadan keçmədikdə və qanuni fəaliyyət göstərmədikdə həmin məktəbdə təhsil alan şəxsin diplomu Azərbaycanda tanınmır. Buna görə də xaricdə təhsil almaq istəyən Azərbaycan gəncləri oxumaq istədikləri və oxuduqları təhsil müəssisəsinin fəaliyyəti, statusları ilə maraqlanmalıdırlar.

Nazirin sözlərinə görə, bəzən sənədlərin çatışmazlığı diplomun tanınma prosedurunu gecikdirə bilər.

M.Cabbarov nostifikasiya ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti