...

Azərbaycanda yeni tikilən binaların əksəriyyətinə qazın verilməməsi məsələsinə aydınlıq gətirildi

Cəmiyyət Materials 4 Sentyabr 2013 15:10 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) son vaxtlar bəzi kütləvi informasiya vasitələrində adı açıqlanmayan müəyyən mənzil-tikinti kooperativlərinin (MTK) payız-qış mövsümünün yaxınlaşması ərəfəsində sakinlərin haqlı narahatlığından yayınmaq məqsədilə Birliyə qarşı yönəlmiş ittihamlarına münasibət bildirib.
Azərbaycanda yeni tikilən binaların əksəriyyətinə qazın verilməməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi (İB) son vaxtlar bəzi kütləvi informasiya vasitələrində adı açıqlanmayan müəyyən mənzil-tikinti kooperativlərinin (MTK) payız-qış mövsümünün yaxınlaşması ərəfəsində sakinlərin haqlı narahatlığından yayınmaq məqsədilə Birliyə qarşı yönəlmiş ittihamlarına münasibət bildirib. Bu barədə Trend İB-nin rəsmi səhifəsinə istinadən məlumat verir.

Bununla əlaqədar İstehsalat Birliyi həmin MTK-ların inşa etdiyi binalarda məskunlaşmış və hələ ki qazla təmin olunmamış sakinləri düzgün məlumatlandırmağı özünə borc bilərək, aşağıdakıları vətəndaşların diqqətinə çatdırır:

"Əvvəla, hər bir MTK sahibi qaz təminatından danışarkən unutmamalıdır ki, o, inşa etdiyi binalardakı mənzilləri vətəndaşlara bütün kommunikasiya xətlərini, o cümlədən qaz kəmərlərini çəkdikdən, sayğacları quraşdırdıqdan, binanın istismara qəbul olunması barədə müvafiq qurumların rəyini "Azəriqaz" İB-yə təqdim edib qazın açılmasının təmin olunmasından sonra, yəni tam hazır vəziyyətdə, mülkiyyəti təsdiq edən sənəd (kupça) ilə satmalıdır. Reallıqda isə MTK-ların bir çoxu üzərinə düşən vəzifələri yerinə yetirmədən, bina hazır olmamış vətəndaşla bağladığı müqavilə əsasında alqı-satqı əməliyyatı aparır ki, bu zaman da ortaya təbii olaraq bir sıra problemlər, o cümlədən qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması və s. kimi problemlər çıxır".

Qeyd olunur ki, MTK sahibləri bu problemlərin həllindən yayınmaq, qaz xətlərini çəkməmələrinə, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün süni şəkildə diqqəti yayındırmağa çalışır, bir çox hallarda isə sayğacların baha qiymətlərə satılmasının guya ki "Azəriqaz" İB tərəfindən tələb kimi qoyulduğunu, binaya qaz verilməsinin ləngiməsinin birbaşa İstehsalat Birliyinin günahı olduğunu iddia edirlər:

"Çox təəssüf ki, bu cür qeyri-sağlam iddialar təkcə həmin binaların sakinlərinə deyil, həm də bəzi kütləvi informasiya vasitələrinin yardımı ilə bütünlükdə cəmiyyətə təlqin edilir. Bir daha bəyan edirik ki, "Azəriqaz" İB qazın satışı ilə məşğul olan bir qurum olaraq, bütün sənədləri qaydasında olan, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, müvafiq qurumlar tərəfindən razılaşdırılmış layihə-smeta sənədlərinin əslini, xarici və binadaxili qaz kəmərlərinin istismara qəbul aktlarını, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır. Bu binalara qaz açılmasının təmin olunması, sayğacların verilməsi ilə bağlı müqavilələr isə hüquqi şəxs olaraq MTK-larla bağlanır. Sonda çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində fəaliyyətimizi əks etdirən bəzi rəqəmləri xatırlatmaq istərdik. Belə ki, əgər 2012-ci ildə "Azəriqaz" İB 60 çoxmərtəbəli binanın qazının açılmasını təmin etmişdisə, təkcə cari ilin 8 ayı ərzində bu rəqəm 69-a çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti