Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/
Ötən ay ərzində Azərbaycanda 928 partlamamış hərbi sursat (PHS) və 10 partlamamış mina aşkar edilərək zərərsizləşdirilib. Onlardan 9 ədədi tank, 1-i isə piyada əleyhinə mina olub. Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb və müvafiq olaraq minadan zərərçəkən də olmayıb.
Ümumiyyətlə, 2013-ci ilin avqust ayı ərzində 2,143,529 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis, 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək ANAMA tərəfindən cəmi 234,074,309 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 686,569-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Qəbələ, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.