...

Bakıda qonaq olan serbiyalı tələbələr gələcəkdə Azərbaycanda yaşamaq arzusundadırlar (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İtttifaqının (ATGTİ) dəvəti ilə Bakıda olan serbiyalı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərlərinin yekunlarına dair mətbuat konfransı keçiriblər.

Trend xəbər verir ki, ATGTİ-nin Beynəlxalq əlaqələr departmanetinin direktoru Toğrul Məmmədli bildirib ki, Serbiyanın Universitetlər Birliyinin (SKONUS) tələbə nümayəndə heyəti 10-16 sentyabr tarixlərində ölkəmizdə səfərdə olub.

Onun sözlərinə görə, ATGTİ ilə SKONUS arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsasən, reallaşan səfərin əsas məqsədi iki ölkə tələbələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı layihələrin reallaşdırılması olub. Razılığa əsasən bundan əvvəl 2-9 sentyabr tarixlərində ATGTİ nümayəndə heyəti Serbiyaya səfər edib: "Həm ATGTİ, həm də SKONUS 39 ölkədən 43 təşkilatın birləşdiyi Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvləridir. Növbəti mərhələdə Azərbaycan və Serbiya gənclərinin ilk forumu keçiriləcək. Forumun 2014-cü ilin əvvəlində baş tutması nəzərdə tutulur. Bakıda keçiriləcək tədbirə Serbiyadan 15-20 nəfər tələbənin gələcəyi gözlənilir. Forumda əsasən təhsil və tələbə əməkdaşlığı məsələləri müzakirə olunacaq."

Burada gördükləri barədə təəssüratlarını bölüşən serbiyalı tələbələr bildiriblər ki, Azərbaycan onların o qədər xoşuna gəlib ki, hətta gələcəkdə burada yaşamaq arzusundadırlar.

Singidunum Universitetinin tələbəsi Militsa Zlatiç: "Azərbaycan əsrarəngiz ölkədir. Gələcəkdə burada yaşamaq istərdim. Azərbaycan çox güclü iqtisadiyyata malik dövlətdir."

Belqrad Dövlət Universitetinin tələbəsi Ana Nikoliç: "Azərbaycanda qarşılanmağımızdan çox razı qaldım. Xüsusilə Bakı çox xoşuma gəldi. Ola bilər ki, gələcəkdə burada yaşamaq və magistratura pilləsində təhsil almaq haqqında da düşünüm."

Singidunum Universitetinin tələbəsi Militsa Zlatiç:

"Azərbaycan və Serbiyanın təhsil sistemləri arasında çox oxşarlıq var. Müsbət cəhətlərdən biri odur ki, burada ingilis dili geniş tədris olunur. Bu da digər ölkələrin tələbələrinə Azərbaycanda rahat təhsil ala bilmələrinə imkan yaradır."

Bundan əlavə, Azərbaycan gənclərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəaliyyətləri də serbiyalı gənclərin marağına səbəb olub.

Belqrad Dövlət Universitetinin tələbəsi Duşan Dimiç: "Burada bizi ən çox təəccübləndirən Azərbaycan gənclərinin Dağlıq Qarabağ probleminə münasibətdə fəallıq göstərmələri oldu. Dünyada belə siyasi problemləri olan bir çox ölkələr var. Həmin ölkələrin gəncləri sizin ölkənizin gənclərindən nümunə götürə bilərlər."

Niş Dövlət Universitetinin tələbəsi Mixaylo Toşiç: "Qarabağ coğrafi və tarici cəhətdən Azərbaycanın tərkib hissəsidir. Ümid edirəm ki, gələcəkdə bu problem həll olunacaq və işğal olunmuş ərazilərdə yaşayan əhali doğma evlərinə qayıdacaq."

Qeyd edək ki, serbiyalı gənclər Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondu (AzGF), "ASAN Xidmət", QHT-lərə Dövlət Dəstəyi Şurası və ölkənin aparıcı gənclər təşkilatlarında (ATGTİ, "İRƏLİ" İB, ARGTMŞ və s.) görüşlər keçirib, Azərbaycanın dövlət gənclər siyasəti ilə yaxından tanış olublar. Bundan əlavə, qonaqlar serbiyalı alim Niko Teslanın Bakıdakı heykəlini ziyarət edib, Serbiyanın Bakıdakı səfirliyində qəbul tədbirinə qatılıblar. Qonaqlar Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün İçərişəhər, Şirvanşahlar Sarayı və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna təşkil olunan ekskursiyalarda iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti