...

Kaspi Təhsil Mərkəzi illik hesabat tədbirini keçirib

Cəmiyyət Materials 21 Sentyabr 2013 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Kaspi Təhsil Mərkəzi 2012-2013-cü tədris ilindəki fəaliyyətinin hesabatını geniş ictimaiyyətə çatdırmaq və növbəti tədris ilində qarşıya qoyulmuş vəzifələrlə ictimaiyyəti tanış etmək məqsədilə illik yekun hesabat tədbirini keçirib. Trend-in məlumatına görə, Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirib ki, bu qurum müxtəlif bölmələr üzrə fəaliyyət göstərir.

Mərkəzin "Kaspi Kids" bölməsində uşaqların məktəbə hazırlığı həyata keçirilir. Təhsilin əsasının məktəbəqədər hazırlıqdan başladığını deyən S.Vəliyeva deyib ki, bu il ölkədə 1-ci sinfə qəbul olanların 500-ə qədəri Kaspi Təhsil Mərkəzində hazırlıq keçmiş uşaqlardır.

"Kaspi Qlobal" bölməsində təhsil alan 350-yə qədər tələbə bu gün dünyanın müxtəlif ölkələrində təhsil alır. Bu il isə imtahan verərək uğur qazanmış 80 tələbə xaricdə təhsil almağa göndəriləcək. Mərkəzdə magistraturaya hazırlaşan yüzlərlə tələbə ölkənin müxtəlif ali məktəblərinin magistratura səviyyəsinə daxil olub.

S.Vəliyeva bildirib ki, "Kaspi abituriyent" bölməsi mərkəzin ən gərgin və məsuliyyətli bölmələrindən biridir. Kaspi Təhsil Mərkəzi yaranandan indiyədək bu bölmədə ali məktəbə hazırlaşan abituriyentlər ali məktəblərə qəbul imtahanlarında uğur qazanıblar. Bu günə kimi "Kaspi abituriyent"in 550-yə qədər məzunu ali məktəblərə qəbul olub. Bu il Kaspi Təhsil Mərkəzinin daha iki məzunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında yüksək bal yığaraq Prezident təqaüdünə layiq görülüb.

"Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev də təşkilatın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib. O qeyd edib ki, Kaspi Təhsil Mərkəzi Bakıda 500-ə qədər uşağın məktəbə hazırlığını həyata keçirmək iqtidarındadır. Gələcəkdə bu işin digər bölgələrdə də həyata keçirilməsi planlaşdırılır.

E.Əliyev mərkəzin müəllim seçmək məsələsində çox tələbkar olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, burada müəllim işləmək üçün müraciət edənlərin sayı çox olsa da, mərkəz onların arasından seçim aparır və daha keyfiyyətli dərs deyə biləcək müəllimləri işə qəbul edir.

Kaspi Təhsil Mərkəzinin dünyanın 100-dən artıq universiteti ilə əlaqə yaratdığını deyən E.Əliyev onların dünyanın ali məktəblərinin reytinq siyahısında ilk yerləri tutduğunu da söyləyib.

Tədbirdə Kaspi Təhsil Mərkəzinin yeni "Elektron Təhsil" layihəsi təqdim olunub.

E.Əliyev bildirib ki, Kaspi Elektron Təhsil Sistemi Azərbaycanda bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edir. Bu layihə çərçivəsində təxminən 550-ə qədər müxtəlif fənləri və sinifləri əhatə edən video dərslər peşəkar müəllim və mütəxəssislər təqdim edir.

Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərən Kaspi Təhsil Mərkəzlərinin məzunlarına hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti