Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
İqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 21-də Kürdəmir şəhərində İmişli, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə şənbə günü Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmış, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib. Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Ümumiyyətlə, qəbulda 45 vətəndaş iştirak edib. Qəbula gəlmiş vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, qaz çəkilişi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı həmçinin, sahibkarlarla heyvandarlıq, bağçılıq, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə müzakirələr aparılmış və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.