Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Alman Akademik Mübadilə Proqramının (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Ullişi qəbul edib.
Məktəbin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Alman Akademik Mübadilə Proqramı çərçivəsində Azərbaycandan yüzlərlə tələbənin Almaniyanın müxtəlif universitetlərində təhsillərini davam etdirmək məqsədi ilə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edən E.Qasımov vurğulayıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.
DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirmişdir ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd etmişdir.
Görüş çərçivəsində bir çox sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirmişdir.