...

Özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri

Cəmiyyət Materials 12 Noyabr 2013 11:46 (UTC +04:00)
Mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.
Özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Tahir Əliyev bildirir ki, özbaşına tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak sayılır.

Hüquqşünas qeyd edir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin özbaşına tikinti aparmış şəxs Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə edə bilər: "Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsi üçün bu, ilkin şərtdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir. Sonuncu şərt isə, həmin tikintinin saxlanması digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır".

Hüquq məsləhətçisi qeyd edir ki, göründüyü kimi, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün ilk öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mükiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır.

Bakı Hüquq Mərkəzinin hüquqşünası Tahir Əliyev yalnız göstərilən şərtlər daxilində şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə biləcəyini söyləyib.

Hüquqşünas qeyd edib ki, özbaşına tikintinin sökülməsi ilə bağlı problemlər də öz aktuallığını qoruyur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti