...

Azərbaycanın ABŞ-dakı səfiri Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu ilə görüşüb

Cəmiyyət Materials 15 Noyabr 2013 07:08 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı Səfirliyində noyabrın 14-də Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu (Young Professional sin Foreign Policy) ilə görüş keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfiri Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu ilə görüşüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycanın ABŞ-dakı Səfirliyində noyabrın 14-də Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu (Young Professional sin Foreign Policy) ilə görüş keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilnə məlumata görə, görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışmışdır.

Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd etmişdir.

Azərbaycanın enerji diplomatiyası barəsində məlumat verən E.Süleymanov ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulamış və hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində danışmışdır.

Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici faktor olduğunu deyən səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd etmişdir. E. Süleymanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla münasibətlərinin nümunəvi olduğunu bildirən səfir regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırmış və münaqişənin fəsadları, eləcə də bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barəsində məlumat vermişdir.

Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üçün əlverişli platforma olduğunu bildirən səfir ölkəmizdə tarixən formalaşmış milli və etnik azlıqlar arasında dost münasibətlərdən və tolerantlığın xalqımızın fəxrediləsi cəhətlərindən olduğunu vurğulamışdır.

Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupunun London və Brüsseldə də ofisləri fəaliyyət göstərir. Qrupun üzvləri sırasında ABŞ-ın müxtəlif dövlət orqanlarında, eləcə də konqresmenlərin ofislərində çalışan gənclər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti