Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu "Robust Noise Monitoring" (RNM) texnologiyalarını tətbiq etməklə neft quyularında rentabelliyin artmasına imkan verən yeni nəsil nəzarət və idarəetmə sistemləri yaradıb.
Kibermetika İnstitutunun direktoru akademik Telman Əliyev Trend-ə bildirib ki, bu sistem artıq Bibiheybət Neftqazçıxarma İdarəsinin 35, "Shirvan oil"in 190, Balaxanı Neftqazçıxarma İdarəsinin 1 obyektində quraşdırılıb. Hazırda sistem sınaqdan keçirilir.
Yeni sistemin neftçilər tərəfindən çox bəyənildiyini deyən T.Əliyev bildirib ki, nəzarət sisteminin nəzəriyyəsi və texnologiyası Azərbaycan alimləri tərəfindən yaradılıb.
Onun sözlərinə görə, bu sistemin böyük səmərə verdiyi artıq təsdqini tapıb. Kibernetika İnstitutunda yaradılmış sistem müasir texnologiyalar əsasında dinamoqramların identifikasiyasına, elektrik enerjisinə 50 faizdən çox qənaət etməyə, rentabelliyi 2 dəfədən çox artırmağa imkan verir:
"Neftin tərkibindən su çox çıxır. Ancaq gərək elə edəsən ki, su az, neft çox çıxsın. Su az çıxıb, neft çox çıxarsa, rentabellik artar. Bunun üçün elə bir sistem olmalıdır ki, onu identifikasiya etsin. Sistem eyni zamanda müəyyənləşdirsin ki, hansı məqamda işi sürətləndirmək lazımdır. İdentifikasiya etmək üçün isə yeni texnologiya lazım idi. Biz də bunun üçün yeni texnologiya hazırlamışıq".