Azərbaycan, Bakı, 16 dekabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin, eləcə də 6 rayonun (Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Pirallahı) texniki təchizatının yaxşılaşdırılması məqsədilə tullantıdaşıyan maşınlar alınıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilmiş beynəlxalq tender müsabiqəsinin qalibi Türkiyənin "Hidro-Mak" şirkəti ilə müqavilə imzalanıb, Türkiyədə istehsal olunmuş və həcmi 16m³ olan "Ford" markalı 29 ədəd tullantıdaşıyan maşın Bakıya gətirilib.
Layihə çərçivəsində alınmış tullantıdaşıyan maşınların 5-i Binəqədi rayonu, 2-si Qaradağ rayonu, 8-i Xəzər rayonu, 6-sı Sabunçu rayonu, 7-si Suraxanı rayonu və 1-i Pirallahı rayonu üçün ayrılıb və müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilib.