...

Həkim tövsiyəsi: Bədən zəifləyərkən antibiotikləri həb şəklində qəbul etməyə üstünlük verin

Cəmiyyət Materials 30 Dekabr 2013 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov dərmanlardan istifadə nəticəsində orqanizmdə şokun yaranmaması üçün insanları diqqətli olmağa və bəzi tövsiyələrə əməl etməyə çağırıb.

A.Maqsudov Trend-ə bildirib ki, dekabr ayı ərzində dərmanların verdiyi allergik reaksiyalarla əlaqədar mərkəzə 16 nəfər müraciət edib. Bu xəstələrin 4-ü şok vəziyyətində olub. Lakin göstərilən tibbi yardımlar nəticəsində həmin xəstələri şokdan çıxarmaq və sağaltmaq mümkün olub. Həmin xəstələrin zəhərlənməsinə dərmanların dozadan artıq qəbul edilməsi səbəb olmayıb. Onlar dərmanı əvvəllər qəbul etdikləri dozada qəbul ediblər.

O deyib ki, bəzən insanlar dərmanların dozadan artıq qəbul edilməsi, bəzən isə əvvəlllər istifadə etdikləri dərmanların, xüsusilə antibiotiklərin qəbulu zamanı şoka düşürlər. Bununla yanaşı, stomatoloqların istifadə etdikləri ağrıkəsici dərmanların təsiri nəticəsində də insanlarda şok yaranır. İnsanda əvvəllər istifadə etdiyi dərmanların təsiri nəticəsində şokun yaranmasının əsas səbəbləri bədənin müqavimətinin zəifləməsi, həmin vaxt bədəndə soyuqdəymənin, virus infeksiyasının olmasıdır: "Bəzən elə olur ki, insanlar əvvəllər qəbul etdikləri dərmanların təsirindən şoka düşürlər. Çünki bədəndə həssaslıq artır. Buna görə də insanlar özləri diqqətli olmalıdırlar".

A.Maqsudovun sözlərinə görə, bundan başqa, antibiotiklərin qəbulu, bədənə yeridilmə formalarına diqqət yetirilməlidir. Antibiotiklər çox zaman orqanizmə əzələdaxili yeridilərkən həssaslıq yaranır və şok baş verir. Antibiotik həb kimi qəbul edildikdə isə bədəndə həssaslıq arta bilər, ancaq şok yaranmır. Buna görə də həkim məsləhət görür ki, bədənin müqaviməti aşağı düşərkən, bədəndə soyuqdəymə olarkən mümkün qədər həblərdən istifadəyə üstünlük verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti