Azərbaycan, Bakı, 18 yanvar /Trend/
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar respublika ərazisində müxtəlif silsilə tədbirlər keçirilir. Şamaxı, İsmayıllı və Zaqatala rayonlarında da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Trend Kanal S-ə istinadən məlumat verir ki, 20 Yanvar faciəsinin 24-cü ildönümü respublikanın bütün bölgələrində olduğu kimi, Şamaxıda da qeyd olunub.
Əvvəlcə tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra incəsənət məktəbi şagirdlərinin "20 Yanvar - Qəhrəmanlıq nümunəsi" adı ilə əl işləri təqdim olnub.
Ardından Mədəniyyət evinin akt zalında "Qanlı 20 Yanvar-2" filmi nümayiş olunub. Məktəblilər "20 Yanvar" kompozisiyası ilə çıxış ediblər. "İlham və Fərizə" adlı teatr tamaşası səhnələşdirilib. Səhnədə duyğulu anlar yaşanıb.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsindən 24 il keçir. Keçmiş Sovet imperiyası tərəfindən həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bəşər tarixində qara səhifə olaraq qalacaq. Bu fikirlər İsmayıllı rayonu Uşaq Yaradıcılıq mərkəzində keçirilən tədbirdə bildirilib.
Tədbirdə 20 Yanvar hadisəsinin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğu qeyd edilib. Bu günün ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyəti vurğulanıb. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Zaqatala rayonunda da bir sıra silsilə tədbirlər keçirilib. Rayonun Aşağı Tala, Göyəm,və Qımır kəndlərində təşkil edilən anım mərasimlərində əvvəlcə 20 Yanvar hadisəsində və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğullarının ruhuna dualar oxunub.
Rayon rəhbərliyi, ziyalılar və şəhid ailələrinin də iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisəsinə bir daha nəzər salınıb. Azadlığımız uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı dilə gətirilib.
Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Zaqatalanın igid qızı, Qarabağ uğrunda döyüşlərdə şəhid olan Sabunçu kənd sakini Sədaqət Rəcəbovanın qəhrəmanlığından bəhs edən səhnəcikdə o ağır günlərin dəhşəti bir daha canlandırılıb.