Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Tehran əyalətinin başçısı Hüseyn Haşimi əyalətdə çoxlu sayda köhnə tikililərin olduğunu və həmin tikililərin baş verə biləcək güclü zəlzələyə qarşı davamlı olmamasından narahatlığını bildirib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir.
Haşimi deyib ki, Tehranda köhnə tikililərin olması baş verə biləcək zəlzələ zamanı bu əyalət üçün ciddi böhran yaradacaq: "Tehranda dünya standartlarına uyğun və zəlzələdən daha çox əziyyət çəkən şəhərlərin təcrübəsindən yararlanaraq köhnə tikililərin zəlzələyə qarşı möhkəmləndirilməsi işlərinə başlanılıb".
Qeyd edək ki, Tehran əyaləti seysmoaktiv zonada yerləşir. İran KİV-lərinin məlumatına görə, Tehran vilayətində baş verə biləcək güclü zəlzələ milyonlarla insanın həyatını təhlükə altında qoyar. Tehran vilayətində əhalinin sıxlığı və tikintidə yol verilən çoxsaylı çatışmazlıqlar bu ərazidə baş verə biləcək zəlzələ nəticəsində çox ciddi dağıntılara və çoxlu sayda insan tələfatına səbəb ola bilər.
İran dünyada ən fəal seysmik zonalardan birində yerləşir. Onun ərazisində bir neçə iri tektonik sınmalar mövcuddur ki, bu da ölkə ərazisinin ən azı 90 faizini təşkil edir. Bu səbəbdən də İranda zəlzələlər kifayət qədər tez-tez baş verir və bu zəlzələlər çox vaxt dağıdıcı olur.