Azərbaycan, Bakı, 27 yanvar /Trend/
Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılmışdır.
RAGB-nin idarə heyətindən AzərTAc-a verilən məlumata görə, artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi "RAGB əlaçısı" təqaüdü alırlar.
Sevindirici haldır ki, belə tələbələrin sayı ilbəil artmaqdadır. Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər. Bu halda həmin tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır. Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.