...

Binəqədi rayonunda 2 fevral - Gənclər Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2014 14:04 (UTC +04:00)
Yanvar ayının 30-da Binəqədi rayonunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirildi.
Binəqədi rayonunda 2 fevral - Gənclər Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Yanvar ayının 30-da Binəqədi rayonunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirildi.

Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, Binəqədi RİH başçısının müavinləri, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı rayon RİH başçısının humanitar məsələlər üzrə müavinləri, Aparatın məsul işçiləri və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak edirdi.

İlk öncə aparıcı Azər Axşam ölkəmizdə Gənclər Gününün tarixi və gənclərlə bağlı dövlətin yürütdüyü pozitiv siyasi kurs barədə məlumat verdi.

Tədbirdə geniş nitq söyləyən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. RİH başçısı bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğuladı. X.İsgəndərov gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış beş nəfər gənc Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bir gəncin İngiltərənin London Meridian Kollecinə ingilis dili kurslarına göndəriləcəyi elan edildi.

Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və millət vəkili Ceyhun Osmanlı ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbir xaricdə təhsil alan binəqədili tələbələrin təbrikini əks etdirən videoçarxın nümayişi ilə davam etdirildi. Bədii hissədə Natiq ritm qrupunun hazırladığı proqram, Şeron qrupunun ifasında mahnılar, əməkdar artist Ədalət Şükürov, müğənnilər Ramal və Xəyyam Mustafazadənin ifasında musiqi parçaları təqdim edildi. Həmçinin, milli və dünya rəqsindən göstərilən səhnələr gənclərin böyük marağına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti