...

Ombudsman Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirib

Cəmiyyət Materials 25 Fevral 2014 19:37 (UTC +04:00)
Moldovanın Parlament vəkili A.Qriqoriu tədbirdə iştirak etmişdir
Ombudsman Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı  tədbir keçirib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Ölkəmizdə bu faciə ilə bağlı keçirilən anım mərasimlərində iştirak edən Moldovanın Parlament Vəkili (Ombudsman) Aurelia Qriqoriu bu tədbirə də qatılmışdır.

Tədbirdə həmçinin Xocalı icmasının nümayəndələri, BDU-nun Ombudsman təsisatında təcrübə keçən tələbələri, QHT və KİV təmsilçiləri iştirak etmişdir.

Qarabağ müharibəsində həlak olmuş bütün soydaşlarımızın, eyni zamanda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Ombudsman Elmira Süleymanova A.Qriqoriunu və digər qonaqları salamlamış, moldovalı həmkarını Azərbaycanda görməkdən məmnunluğunu söyləmişdir. O, bu görüşün həm də Xocalı icmasının nümayəndələrinin istəyi ilə baş tutduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, İnsan hüquqlarının müdafiəsini həyata keçirən A.Qriqoriu Ermənistanda keçirilmiş beynəlxalq konfransda "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" mövzusunda çıxışında Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləmiş, dünya birliyi tərəfindən qəbul edilmiş faktları, əsl həqiqəti səsləndirmiş, Ermənistan tərəfinin təzyiqləri ilə üzləşmişdir.

Müvəkkil moldovalı həmkarının Ermənistandakı çıxışının ədalətli, obyektiv və insanlıq mövqeyinin bariz nümunəsi olduğunu beynəlxalq normativ hüquqi aktlara, BMT-nin məlum dörd qətnaməsinə əsaslandığını söyləmişdir.

Xocalı soyqırımından 22 il ötsə də, dünya ölkələrinin bu genosid aktı ilə bağlı uzun müddət susduğu, həmin qətliamın tanınması istiqamətində ikili standartların mövcud olduğu vurğulanmışdır. Müvəkkil bu soyqırımı nəticəsində soydaşlarımızın əsas insan hüquqlarının, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququnun kütləvi şəkildə, kobudcasına pozulduğunu söyləmişdir. O, hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində Azərbaycanın səylərinin ildən-ilə daha çox dəstəkləndiyini, artıq bir çox ölkələrin parlamentlərində bu faciənin soyqırımı kimi tanındığını bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyasının Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Xocalı soyqırımının təcavüzkar Ermənistanın ölkəmizə qarşı apardığı çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu vurğulayan Müvəkkil, bu faciənin növbəti ildönümü ərəfəsində Bəyanat verdiyini, beynəlxalq təşkilatları Xocalı soyqırımını genosid aktı kimi tanımağa, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırdığını diqqətə çatdırmışdır.

Görüşdə Xocalı ziyalıları - Göyüş Həsənov, Fiqurə Rüstəmova, Ayna Novruzova, Sahidə Ələkbərova, Qarabağ müharibəsi veteranı, tibb bacısı Sevda Səfərova və başqaları çıxış edərək, erməni millətçiləri və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları törədildiyi, minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyi, Xocalı soyqırımının bunun daha bir nümunəsi olduğunu diqqətə çatdırmışlar. Şahidlər öz yaxınlarını, doğmalarını itirdiklərini, faciə baş verərkən dinc insanların vəhşiliklə öldürüldüyünü, əsir və girov götürülənlərə amansız işgəncələr verildiyini söyləmişlər. Onlar xocalıların uzun müddət mühasirədə qalması, məhrumiyyətlərlə üzləşməsi, bu şəhəri qoruyan özünümüdafiə batalyonu döyüşçülərinin hünəri, yerli əhalinin və yaralıların mühasirədən çıxarılmasına yardım göstərməsi barədə danışmışlar.

Çıxış edənlər qanlı hadisələri törədənlərin cəzasız qalmayacağına əminlik ifadə etmiş, Ermənistan Parlamentində Moldova Ombudsmanı A.Qriqoriunun çıxışını Xocalı sakinlərinin də rəğbətlə və minnətdarlıqla qarşıladığını bildirmiş, Azərbaycan həqiqətlərini sərbəst şəkildə, cəsarətlə söylədiyinə, fəal vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə ona təşəkkür etmişlər.

A.Qriqoriu Ermənistanda hüquqlarının pozulması və ona qarşı zorakılıqlarla bağlı Azərbaycan Ombudsmanının bəyanat verdiyinə, onu dəstəklədiyinə görə E.Süleymanovaya təşəkkürünü bildirmişdir. Genosid aktının BMT tərəfindən bəşəriyyətə, insanlığa qarşı cinayət kimi tanındığını, odur ki, Xocalı faciəsinin hamımızın faciəsi olduğunu vurğulamışdır. O, bu insanlıq faciəsi barədə çoxlarının məlumatsız olduğunu, Ermənistan parlamentindəki çıxışından sonra müxtəlif ölkələrdən olan iştirakçıların ona yaxınlaşaraq Xocalı gerçəkliklərini açıq-aşkar dilə gətirdiyinə görə minnətdarlıq etdiklərini bildirmişdir.

A.Qriqoriu Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu və ermənilər tərəfindən işğal edildiyini, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb edilməsinin və ədalətin bərqərar olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Moldova Ombudsmanı Xocalıda soyqırımı törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün Yuqoslaviyadakı soyqırımı ilə bağlı tribunal kimi, xüsusi bir tribunalın yaradılmasının məqsədəuyğunluğunu söyləmişdir. O, Azərbaycanın belə bir tribunal yaradılması təşəbbüsü ilə çıxış etməsinin, xocalıların şahidliyi ilə bu qanlı hadisənin əsl mahiyyətinin açılmasının zəruriliyini vurğulamışdır. A.Qriqoriu 1905-сi ildən etibarən azərbaycanlılara münasibətdə ermənilər tərəfindən tətbiq olunan soyqırımlarının öyrənilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Qubada tədbirlər keçirilməsini, onların burada yaradılmış "Soyqırımı Memorial Kompleksi" ilə tanış olmasını təklif etmişdir.

Xocalı sakinləri bu görüş və fikir mübadiləsi üçün, habelə dünya ictimaiyyətinə erməni təcavüzü və Xocalı soyqırımını tanıtmaqda səylərinə görə Ombudsmana təşəkkürlərini bildirmişlər.

Ziyarətgaha çevrilmiş Şəhidlər Xiyabanında Xocalı faciəsini daim xatırladan abidənin yaradılması və bu abidə üzərində soyqırımı zamanı itkilər haqqında məlumatların qeyd olunması təklif edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti