Azərbaycan, Bakı, 14 mart /Trend/
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev arasında tanışlıq görüşü olub.
M.Kərimli "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrası sahəsində görülən işlər barədə danışıb. BƏT-lə əməkdaşlıq müstəvisində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu əməkdaşlığın ölkədə əmək və məşğulluq sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Y.Həmzəyev BƏT-in Azərbaycan hökuməti ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib, eyni zamanda ölkədə məşğulluğun, xüsusilə gənclərin məşğulluğunun təminatı istiqamətində aparılan siyasətin BƏT tərəfindən maraqla izlənildiyini bildirib. Görüşdə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
M.Kərimli BMT İnkişaf Proqramının rezidentinin müavini Nato Alhazişvili ilə görüşündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT İP ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrdən söz açıb. Qeyd olunub ki, 2004-cü ildən etibarən həyata keçirilən bu əməkdaşlıq ölkəmizdə innovasiyanın və məşğulluğun inkişafına öz töhfəsini verib. Xüsusən də birgə icra olunan "Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı" layihəsi çərçivəsində Bakı və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafında, işaxtaranların əmək bazarına inteqrasiyasında önəmli rol oynayıb.
Bu mərkəzlərdə təşkil olunan müvafiq təlimlər nəticəsində işsiz insanlar müasir iş axtarma metodlarına yiyələnərək, yeni metodlardan istifadə etməklə özlərinə münasib iş tapıblar.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.