Azərbaycan, Bakı, 19 mart /Trend/
Bu gün Ermənistanın Araqatsotn vilayətinin sakinləri su elektrik stansiyasının (SES) tikintisinə qarşı növbəti aksiya çərçivəsində Oqanavan və Uşi kəndlərinin yanından keçən, eləcə də stansiyanın tikildiyi əraziyə aparan avtomobil magistralını bağlayıblar. Trend-in məlumatına görə, bu barədə Epress.am saytına Uşi kəndinin sakini Lena Petrosyan bildirib.
Onun sözlərinə görə, kəndlərdə tətil elan edilib. Etiraz edən kişilərə qadınlar və məktəblilər də qoşulub.
Kəndliləri Baş nazirin müavini Armen Gevorqyanın öz vədinə əməl etməməsi və onların şikayətlərini dinləmək üçün vilayətə gəlməməsi özündən çıxarıb.
Xatırladaq ki, martın 6-da yüzlərlə kəndli SES-in tikintisini dayandırmaq tələbi ilə Oqanavan-Uşi magistralını bağlayıb. Onların sözlərinə görə, bu stansiya onları suvarma suyundan məhrum edir, çünki SES üçün Aparan su anbarının suyundan daha çox istifadə olunacaq ki, nəticədə onların bağları quruyacaq. Kəndlilərin tələblərinə görə tikintiyə məsul şəxslər tikinti texnikasının bir hissəsini ərazidən çıxarıblar. L.Petrosyanın sözlərinə görə, lakin sonradan tikinti işləri yenidən bərpa olunub.