...

Azərbaycanın yol polisindən bayram sonu xəbərdarlığı

Cəmiyyət Materials 25 Mart 2014 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/

Sabah Novruz bayramı ilə əlaqədar istirahət günləri bitdiyindən martın 25-26-da rayonlararası və şəhərlərarası yollarda hərəkətin intensivliyinin artacağı gözlənilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi deyib ki, Novruz bayramını qeyd etmək üçün bölgələrə getmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 25-i və 26-da Bakıya geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal edilir. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə müraciət edərək onları yollarda diqqətli olmağa çağırır: "Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın ilk günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verdiyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə sürət məhdudiyyətinə, ötmə qaydalarına düzgün riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşaiyət olunan ötmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Bu yollardan biri də Bakı-Şamaxı yoludur. Bu yolda qarşılıqlı hərəkət olduğundan sürücülər xüsusilə diqqətli olmalı, ötmə qaydalarına diqqət yetirməlidirlər".

K.Əliyev həmçinin qeyd edib ki, martın 20-dən 25-nə qədər ölkə ərazisində 79 yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 15 nəfər ölüb, 112 nəfər yaralanıb.

Hadisələrin 24-ü Bakıda baş verib. Nəticədə 2 nəfər ölüb, 40 nəfər yaralanıb. Bölgələrdə 34 yol qəzası qeydə alınıb. Bu zaman 11 nəfər ölüb, 48 nəfər yaralanıb. Rayonlararası yollarda isə 22 yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti