...

Təhsil Nazirliyi bu gündən "SABAH" qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlayıb

Cəmiyyət Materials 13 May 2014 13:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gündən "SABAH" qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlayıb.
Təhsil Nazirliyi bu gündən "SABAH" qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlayıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gündən "SABAH" qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bu gün keçirilən mətbuat konfrasında bildirib ki, tələbələrin qeydiyyat müddəti mayın 31-də başa çatacaq.

"SABAH" qruplarında təhsil almaq istəyən tələbələr www.sabah.edu.gov.az saytına daxil olaraq, qeydiyyatdan keçməlidirlər. Bu qruplarda oxumaq üçün yalnız 1-ci kurs və 1-ci semestrdə orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr yalnız öz ixtisası üzrə qeydiyyatdan keçə bilərlər.

"SABAH" qrupları 8 baza ali təhsil müəssisəsində 52 ixtisas üzrə formalaşacaq. Sənəd qəbulu bitdikdən sonra - iyunun 1-dən 15-dək müsabiqə və müsahibə aparılacaq və nəticədə 1300 tələbə "SABAH" qruplarına qəbul olunacaq. Həmin tələbələr II kursdan təhsillərini "SABAH" qruplarında davam etdirəcəklər.

S.Gözəlov deyib ki, "SABAH" qruplarını bitirən tələbələr baza ali təhsil müəssisəsinin diplomunu alacaqlar: "Onların diplomları digər tələbələrin diplomlarından fərqlənməyəcək. Sadəcə, diploma əlavədə həmin tələbənin "SABAH" qrupunda təhsil alması qeyd olunacaq".

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, "SABAH" qruplarının əvvəlcə dövlət ali təhsil müəsisələrinin tələbələri üçün yaradılması üçün nəzərdə tutulurdu. Lakin sonradan aparılan müzakirələrdən sonra "SABAH" qruplarında həm dövlət, həm də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirak etməsi qərara alınıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, "SABAH" qruplarının yaradılması təklifi ötən il müəllimlərin qurultayında təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib və qısa müddətdə bu istiqamətdə işlər görülüb: "Ölkə iqtisadiyyatının inkişafına lazım olan kadrlar bəzən bu sürətə davam gətirə bilmir. Biz də həmin kadr potensialına olan tələbatı bu qrupların yaradılması ilə həll etmək istəyirik. Bu qrupların yaradılması əmək bazarının tələblərinə qulluq edəcək və bu istiqamətdə lazımlı kadrların hazırlanmasına şərait yaradacaq".

C.Valehov deyib ki, "SABAH" qruplarında oxuyacaq aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunacaq. Onun sözlərinə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Damla" yataqxanası Təhsil Nazirliyinin balansındadır. Həmin yataqxanada 300 tələbə yerlə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti