Azərbaycan, Bakı, 20 may /Trend/
Bu gün Vergilər Nazirliyində "Azərbaycanın vergi jurnalı"nın ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş magistrantlar arasında "Vergitutmada müasir meyillər: dünya təcrübəsi və Azərbaycanda tətbiqi imkanları" mövzusunda keçirdiyi referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd ölkəmizdə və xaricdə iqtisadiyyat üzrə magistr pilləsində ali təhsil alan gəncləri Azərbaycanın vergi sistemində aparılan islahatlar və tətbiq edilən yeniliklərlə bağlı elmi-nəzəri araşdırmalara cəlb etmək, vergilər sahəsində elmi tədqiqatları stimullaşdırmaq, vergi maarifçiliyini genişləndirməkdir.
Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 24 iş daxil olub. ABŞ-ın Seton Hall Universitetinin magistrantı Maykl L.Koler 1-ci yerə, Azərbaycan Universitetinin magistrantı Orxan Hüseynov və Türkiyənin Hacettepe Universitetinin magistrantı Göze Öztürk 2-ci yerə, Qırğızıstanın Qırğızıstan-Türkiyə Manas Universitetinin magistrantı Gülnaz Markisova və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Leyla Abdullayeva 3-cü yerə layiq görülüblər.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.