...

"Azəryolservis": Yol infrastrukturu layihələri zamanı isti aqlaydan qətiyyən istifadə olunmur

Cəmiyyət Materials 24 May 2014 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.İsmayılov/

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılan yol-infrastruktur layihələrinin heç birində süni örtük materiallarından istifadə olunmur. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bəzi KİV-də yol infrastrukturunun təmiri və ya inşası zamanı süni örtük materiallarından istifadə olunması barədə yayılan xəbərləri şərh edərkən deyib.

P.Mürsəliyev bildirib ki, istənilən yol qurğusunun inşası zamanı - istər tunel, yol ötürücüsü, körpü, istərsə də piyada keçidi olsun - isti aqlaydan istifadə olunmur: "Ümumiyyətlə, bəzi KİV-də göstərilən fotoşəkillərə diqqət edildikdə, onun hansı ərazi olduğu bilinmir. Söhbət Heydər Əliyev prospektindən gedirsə, açıq istinad divarı mişar daşı ilə hörülərək gülbax (aqlay) daşı ilə üzlənir. Tunelin qapalı hissəsinə gəldikdə, onun kənar hissəsinə dəmir-beton svaylar vurularaq, xüsusi materiallarla izolyasiya edilir, bundan sonra isə mişar daşı ilə hörülərək aqlay daşı ilə üzlənir. Ümumiyyətlə, layihələrin heç birində karton üzlük deyilən isti aqlaydan qətiyyən istifadə olunmur. Yaxşı olardı ki, həmin KİV-lər qarşı tərəfin də mövqeyini öyrənsinlər və həqiqətə uyğun olmayan məlumatları dərc etməsinlər".

Yolların təmirindən sonra kommunikasiya xətlərinin dəyişdirilməsi və ya köçürülməsi məsələsinə toxunan ASC rəsmisi qeyd edib ki, yolların tikintisi və əsaslı təmiri zamanı "Azəryolservis" ASC tərəfindən kommunikasiya mülkiyyətçilərinə tikinti zonasına düşən kommunikasiyalar barəsində məlumat vermələri və onların köçürülməsi lazım gəldiyi halda texniki şərti göstərmələri ilə bağlı yazılı şəkildə müraciət olunur: "Mülkiyyətçilərin ASC-yə təqdim etdiyi texniki şərt əsasında tikinti sahəsindən kommunikasiya xətlərinin köçürülməsi mülkiyyətçilərin özləri və ya ixtisaslaşmış podratçılar tərəfindən dəyəri ödənilməklə həyata keçirilir. Yalnız bundan sonra tikinti və yenidənqurma işlərinə başlanıla bilər. Tikinti və ya yenidənqurmadan sonra kommunikasiya xətlərində problem yaranarsa, buna görə "Azəryolservis" heç bir məsuliyyət daşımır. Bu halda məsuliyyət kommunikasiya xətlərini istismar edən qurumun üzərinə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti