...

Bakıda Qafqaz Albaniyasının tarixi və mədəni irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 10 İyun 2014 15:26 (UTC +04:00)
Bu gün Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda Qafqaz Albaniyasının tarixi və mədəni irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb.

Trend xəbər verir ki, konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə keçirilir. İki gün davam edəcək konfransda Rusiya, Polşa, Gürcüstan, Litva, Ukrayna, Belarus və Qazaxıstandan dəvət edilmiş alimlər də iştirak edir.

Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edəcək konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Onun sözlərinə görə, Azərbaycanda abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər görülür. Nazir qeyd edib ki, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmalar davam etdiriləcək.

AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, mədəni irs nümunələri hansı ölkədə olmasından asılı olmayaraq, bütün insanlıq üçün böyük əhəmiyyət daşıdığından qorunub saxlanmalı, gələcək nəsillərə necə varsa, elə də ötürülməlidir. Onun sözlərinə görə, münaqişə yaradan və digər dövlətin ərazisini işğal edən ölkələr beynəlxalq hüquq normalarını pozaraq, eləcə də dünyanın əksər ölkələrinin qoşulduğu müvafiq konvensiyanın tələblərinə məhəl qoymayaraq, tarixi və mədəni irs nümunələrini məhv edir və ya özününküləşdirərək oğurlayırlar.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva qeyd edib ki, Qafqaz Albaniyasının tarixinin, etnoqrafiyasının, mədəniyyətinin, sosial münasibətlərinin araşdırılması böyük əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın keçmişindən, bu günədək miras olaraq qalmış zəngin mədəni irsimizdən gedir.

Ermənilərin Qafqaz regionuna gəlmə xalq olduqlarını deyən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov isə onların Azərbaycan tarixini saxtalaşdırmaq, onun mədəni irsini özünüküləşdirmək cəhdlərindən danışıb.

Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycan dövlətinin erməni saxtakarlığına qarşı apardığı mübarizə tədbirlərindən danışıb.

Digər natiqlər isə Qafqaz Albaniyasının tarixi, onun qorunması və digər məsələlər barədə məruzə ilə çıxış ediblər.

Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edən plenar iclas və sessiyalarla işini davam etdirir.

Qeyd edək ki, beynəlxalq konfrans iki gün davam edəcək. Tədbir çərçivəsində beynəlxalq konfransın iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına infoturların təşkil edilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti