...

YAP Gənclər Birliyinin "Yay məktəbi" uğurla davam edir (FOTO)

Cəmiyyət Materials 8 İyul 2014 18:35 (UTC +04:00)
İyulun 6-dan 11-dək davam edəcək Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi"nin üçüncü günü artıq arxada qalır. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Lerik "Yay məktəbi"ndə "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf dövrü və ölkəmizin beynəlxalq aləmdə yeri və rolu" mövzusunda təlim keçirildi.
YAP Gənclər Birliyinin "Yay məktəbi" uğurla davam edir (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

İyulun 6-dan 11-dək davam edəcək Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi"nin üçüncü günü artıq arxada qalır. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Lerik "Yay məktəbi"ndə "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf dövrü və ölkəmizin beynəlxalq aləmdə yeri və rolu" mövzusunda təlim keçirildi.

Qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə bildirdi ki, müstəqil dövlətimizin bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün ötən 23 ilə yaxın dövrdə keçilən yola qısaca nəzər salmağa böyük ehtiyac duyulur. 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Müstəqilliyimizin ilk illərində yaşanan durum hər kəsə bəllidir. Çətin bir məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli liderin xalqın bu çağrışına müsbət cavabı bir daha bu həqiqəti təsdiqlədi ki, onun üçün hər şeydən əziz xalqı, Vətəni, torpağıdır. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyundan başlanan yol Azərbaycanı böyük inkişafa, tərəqqiyə apardı. Ümummilli lider sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı. Nəhayət, onun gərgin səyləri nəticəsində 1994-cü ilin mayın 12-də atəşkəs sazişi imzalandı. Azərbaycan dövləti bu addımı ilə həm ölkəmizin sonrakı inkişafına zəmin yaratdı, həm də ermənilərin əsassız torpaq iddiası nəticəsində yaradılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verdiyini, problemin danışıqlar əsasında cözülməsinin vacibliyini bəyan etdi.

V.Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyevin düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana müstəqilliyimizin ilk illərində maraq az olsa da, 1994-cü ildən bəri ölkədə yaradılan sabitlik bu diqqətin artmasında əhəmiyyətli rol oynadı. Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dollara çatıb, bu məhz həmin dövrdə əsası qoyulan sabitliyə əsaslanır. 1994-cü ilin sentyabarın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə interasiyaya yol açdı.

Bildirildi ki, daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində də uğurlu addımların əsası məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra qoyulub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ümummilli liderin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demkoratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Dövlətimizin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Ulu öndərin dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

V.Rəhimzadə bildirdi ki, Azərbaycanın uğurları dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın da diqqətindən kənarda qalmadı. Ümummilli liderin "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir" çağırışı bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.

Qrup rəhbəri qeyd etdi ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanarq Prezident seçilən cənab İlham Əliyev andiçmə məraimində bildirmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son on ilin statistikası bu vədin konkret əməli işdə öz təsdiqni tapdığını göstərir. Neft siyasətinin davam kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı iqtisadiyyatın şaxələndiriləsini təmin edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Dövlətimizin bu siyasəti beynəlxalq aləmdə də təqdir olunur.

Bildirildi ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Ölkəmiz demək olar ki, hər ay, hər gün beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Bir əsas faktı da qeyd etməliyik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi olmaqla yanaşı, eyni zamanda gələcəyinə inamın göstəricisidir.

V.Rəhimzadə çıxışında diqqəti Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlərə yönəltdi. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, Azərbaycan müstəqil siyasət aparır və bundan sonra da aparacaq.

Uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın dostlarının sayı artmaqdadır. Artıq ölkəmiz dost ölkədən etibarlı tərəfdaş ölkəyə doğru addımlayır.

V.Rəhimzadə bildirdi ki, uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən əsas amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Xalq-iqtidar birliyinin sarsılmazlığı, möhkəmliyi uğurların davamlılığında əsasdır. Ulu öndər Heydər Əliyev hər zaman xalqına güvəndiyini, arxalandığını bildirirdi: "Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur." Son on ildə Azərbaycanın uğurlu inkişafı, xalqın, Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsi də bu gerçəkliyin təsdiqidir ki, xalqın Heydər Əliyev siyasətinə inamı, etimadı böyükdür. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir".

Sonra təlim "Azərbaycan gəncliyi və dini tolerantlıq"" mövzusunda müzakirələrlə davam etdirildi. Qrup rəhbəri V.Rəhimzadə bildirdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, tolerant dövlət modelinin yaradılması ənənələri bu gün uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan nəinki islam aləmində, həmçinin bütün dünyada tolerant ölkə kimi tanınır. Sovet dönəmində bağlanılmış, dağıdılmış məscidlərin açılması və ya yeni məscidlərin inşasına xüsusi nəzarət edən ulu öndər sözün əsl mənasında tolerant siyasət yürüdərək digər dinlərə də yardım və dəstək verib. Ulu öndərimizin xüsusi olaraq İslam dininə qarşı həssaslığı ilə seçilirdi. Onun İslamın ən böyük şərti hesab olunan Həcc ziyarətini yerinə yetirməsi və xalqımızın yaşayış şəraitinin yüksəldilməsi yönündə apardığı işlər bunun bariz nümunəsidir.

V.Rəhimzadə qeyd etdi ki, dini dözümlülük, multikulturalizm, əsasən, xalqın psixoloji durumundan, insanların psixoloji portretindən asılı olmaqla, böyük tarixi inkişaf prosesinin təsiri nəticəsində formalaşıb. Bu gün dünyanın ən demokratik ölkələrində belə, dini dözümlülük istənilən səviyyədə deyil. Bunu insanlar yaşadığı, böyüdüyü coğrafi şəraitə, sosial mühitə, torpağa xüsusi bağlı olması ilə izah edirlər. Lakin tam səmimiyyətlə demək olar ki, Azərbaycanda yüksək səviyyəli dini tolerantlıq, multikulturalizm var. Mövcud olan tarixi reallıq və ənənələri nəzərə almaqla, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı, tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının sabit ölkəsinə çevirə bildi. Hazırda Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilib.

YAP Siyasi Şurasının üzvü bildirdi ki, Azərbaycanda vahid xalqın, millətin formalaşması prosesində daim qonşularla yaxşı münasibəti, mədəni mübadiləni, adaptiv cəmiyyəti digər ölkələrə örnək göstərmək olar. Azərbaycanda qədim dinlərin birgə mövcudluğunun qorunduğu, mehriban olduğu danılmaz bir həqiqətdir. Azərbaycanda ayrı-ayrı dinlərin mehriban, sülh şəraitində mövcud olması, insanların artıq dini amilləri deyil, insanlığı, qardaşlığı üstün tutması xalqın psixoloji portretini formalaşdırıb. Uzun bir tarixi dövr ərzində əldə olunmuş bu keyfiyyətlər hazırda, günümüzdə də öz mahiyyətini qoruyub saxlayıb. Bu baxımdan Azərbaycan dövləti günümüzdə də dini tolerantlığın nümunəvi modelidir.

Sonra "Azərbaycan gəncliyi və dini tolerantlıq" mövzusunda təlimi davam etdirən moderator Tale Mürşüdzadə qeyd etdi ki, Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə təmsil olunmasına baxmayaraq, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada islam məzhəblərarası ziddiyyətləri nəzərə çarpmır. Azərbaycanda müxtəlif etiqadlı müsəlmanlar xoş, mehriban, qardaşlıq şəraitində yaşayırlar. Bunu təmin edən amillər-dini dözümlülük və ya tolerantlıq isə elə bir dəyərdir ki, bu dəyərin süni yollarla yaradılması prosesi olduqca böyük, həllolunmaz problemlərlə qarşılaşır.

Gənclərdən Cavid Fərzullayev, Tural Əliyev, Kazımlı Əminə, Orxan Muxtarov, Şahmar Hüseynov, Nihad Mahmudlu, Mehdi Namazov, Vüsal Rzayev, Ələkbərova Vəfa, Dadaşov Elvin, Ramin Həsənov, Abdullayev Xətai, Aysel Məmmədova, Elmir Bağırov, Aliyə Ağrılı, Musa Feyzullayev, Murad Həsənov və başqaları ölkəmizdə olan dini tolerantlığın müasir gəncliyə müsbət təsiri və əhəmiyyətindən söz açaraq bildirdilər ki, Azərbaycanın ən dəyərli sərvətlərindən olan dini tolerantlığı qoruyub saxlamaq və sonrakı nəsillərə ötürmək zərurəti bu gün həmişəkindən daha aktualdır.

Günün ikinci yarısında gənclər arasında futbol və üzgüçülük yarışları keçirildi. Sonda gənclərin iştirakı ilə interaktiv oyunlar keçirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti